“Qadağalar hələ bir neçə ay tətbiq olunmalıdır” - Nabil Seyidov

 “Qadağalar hələ bir neçə ay tətbiq olunmalıdır” -  Nabil Seyidov
  06 İyun 2020    Oxunub:7282
Azərbaycanda karantin tədbirləri yumşaldılandan sonra infeksiyaya yoluxma hallarında kəskin artım oldu. Son günlərdə artıq 3 rəqəmli yoluxma hallarını müşahidə edirik. Belə davam edərsə, bu günə qədər əldə etdiyimiz uğurlar geri dönmüş olacaq.
Bunu Azvision.az-a açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri, həkim Nabil Seyidov deyib.

Onun sözlərinə görə, karantin rejiminin yumşaldılması insanların sanitar-epidemioloji, gigiyenik normalara tam şəkildə əməl etməməsilə müşahidə olunub.

“Son günlərin analizi, müşahidələri göstərir ki, digər inzibati tədbirlər tətbiq olunmadan yumşaldılmanı davanlı şəkildə təmin edə bilmərik. Bu, xəstəxanaların koronaviruslu xəstələrlə dolmasına gətirib çıxaracaq, eyni zamanda, onların arasında ağır xəstələrin sayı artacaq. Artıq biz bu artımı müşahidə edirik. Yaşı 65-dən yuxarı insanların küçəyə çıxmasına icazə veriləndən sonra onların arasında yoluxma halları artır. Bu, eyni zamanda səhiyyə sisteminin ağır vəziyyətə düşməsinə və çökməsinə gətirib çıxara bilər. Belə vəziyyət xəstəxanaların, tibb işçilərinin yalnız koronavirusla bağlı yükünün artması demək deyil. Xəstəlik halları artarsa, digər xəstəxanalar da buna cəlb olunacaq və ya əlavə müəssisələr xəstələrin müalicəsi üçün təhvil veriləcək. Buna görə daha çox işçi qüvvəsi cəlb olunmalıdır. Nəticədə digər xəstəlikləri olanlar qayğıdan kənar qalacaq və ciddi problemlərə gətirib çıxaracaq”.

N.Seyidov qeyd edib ki, hərəkət məhdudluğu yoluxma hallarının ciddi şəkildə aşağı düşməsi ilə müşahidə olunur.

“Biz bunu mart və aprel aylarında gördük. Bütün bunları nəzərə alaraq həftəsonu ciddi məhdudlaşdırma tədbirlərinin tətbiqi koronavirusu məhv etməycək, amma yoluxma hallarının müəyyən dərəcədə azalmasına səbəb olacaq. Növbəti həftələrdə və günlərdə bu cür məhdudlaşdırma tədbirlərinin tətbiqi yoluxma hallarının azalmasına səbəb olacaq, balanslaşdırılmış tədbirlərin görülməsinə imkan verəcək. Məqsəd odur ki, xəstəxanalar çox yüklənməsin, iqtisadiyyatımız çökməsin, özəl və dövlət qurumları müəyyən dərəcədə fəaliyyətini davam etdirsinlər. Bunun effektinin olacağını hesab edirəm. Lakin daha effektli olması üçün bu cür məhdudlaşdırıcı tədbirlərin ən azı bir neçə ay ərzində tətbiqi daha faydalıdır. Lazım olarsa, daha yaxşı effekt üçün bunun 3-4 gün ərzində tətbiqi mümkün ola bilər. Biri var ölkə tam qapansın, biri də var ki, həftənin ardıcıl günləri bunu etməklə balanslaşdırılmış tədbir kimi nəzərdən keçirilsin. İnsanları anlamalıdır ki, məhdudlaşdırıcı tədbirlər bütün istiqamətlərdə, həm sosial, həm iqtisadi baxımdan ən optimal varinatdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   Koronavirus  





Xəbər lenti