Koronavirusa yoluxduğunu gizlədən abituriyentin nəticələri ləğv olunacaq

  05 İyun 2020    Oxunub : 4379
Koronavirusa yoluxduğunu gizlədən abituriyentin nəticələri ləğv olunacaq
"Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni çap edirlər. Bəyannaməni poliklinika, xəstəxanada təsdiq etdirməyə ehtiyac yoxdur. Və ya arayış tələb olunmur ki, koronavirus testindən keçmisən, ya yox".
Bunu Azvision.az -a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

DİM rəsmisi bildirib ki, imtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün daxil edilməsinə, eləcə də özündə və ailəsində koronavirus xəstəliyi olmamasına görə məsuliyyət daşıyır.

“Bəyannamə imtahan iştirakçısı tərəfindən imzalanır və əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı bilərəkdən gizlədərsə, o zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər. Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi qeyd olunub. Buna görə abituriyent öz məsuliyyətini dərk etməlidir”.

DİM sözçüsü qeyd edib ki, belə bir tələb imtahanda iştirak edəcək digər şəxslərin sağlamlığının qorunması üçün qoyulub.

“Həmin şəxslərin sentyabr ayında yenidən buraxılış imtahanı verməsinə şərait yaradılacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan   Bəyannamə