Dövlət başçısı: “İqtisadi inkişaf daha sürətlə getməlidir”

      Dövlət başçısı:    “İqtisadi inkişaf daha sürətlə getməlidir”
  05 İyun 2020    Oxunub:3786
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı deyib.

Dövlət başçısı çıxışında bildirib: "Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.

Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.

Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq".

Prezident daha sonra qeyd edib: "İçməli su layihəsi öz həllini tapır. Bu gün biz Ağcabədi şəhərinə içməli suyun verilməsini qeyd edəcəyik. Bu da böyük layihədir. Çünki həmişə Ağcabədidə içməli su böyük problem idi. Bu məsələ də öz həllini tapır. Mənim Sərəncamımla suvarma suyu ilə bağlı 115 subartezian quyusu qazılıbdır və əlavə 30 quyu qazılacaq. Çünki kənd təsərrüfatının inkişafı üçün su əsas amillərdən biridir.

Rayon mərkəzi xəstəxanası tikilib. Ölkəmizin rayonlarda yerləşən ən böyük xəstəxanalarından biridir. Özü də müasir standartlara cavab verən avadanlıqla təmin edilib. Olimpiya İdman Kompleksi, Qarabağ Muğam Mərkəzi, “ASAN Həyat” kompleksi - bütün bunlar mənim təşəbbüsümlə və dövlət büdcəsi hesabına görülmüş işlərdir. Ona görə Ağcabədi rayonunun infrastrukturuna, sosial obyektlərinə, insanları narahat edən problemlərin həlli üçün nəzərdə tutulmuş layihələrə çox böyük vəsait qoyulubdur. Bu, bir daha onu göstərir ki, ölkəmizin hər bir yerində işlər bu səviyyədə görülməlidir, plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə. Bunları biz etmişik. Əgər infrastruktur layihələri icra edilməsəydi, o biri layihələrin, ümumiyyətlə, əhəmiyyəti olmazdı. Bu təməli biz yaratmışıq. Ona görə indi iqtisadi inkişaf daha sürətlə getməlidir".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti