“Prezidentin çıxışı dünya siyasətçilərinə ciddi mesajdır”

 “Prezidentin çıxışı dünya siyasətçilərinə ciddi mesajdır”
  04 İyun 2020    Oxunub:2840
“Prezident İlham Əliyev Tərtərdəki çıxışı ilə həm Azərbaycan tarixçilərinə, həm də dünya siyasətçilərinə ciddi mesaj verdi. Mesajın mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası deyilən ərazi birmənalı olaraq Azərbaycanın torpaqlarıdır”.
Bunu Azvision.az -a açıqlamasında deputat, tarixçi Anar İsgəndərov deyib.

Deputat bildirib: “İstənilən yerin, obanın, dağın, çayın adını axtarsanız, türk –Azərbaycan adı olduğunu görərsiniz. Əgər bu torpaqlar erməni torpaqları idisə, bu torpağın sahibi tarix boyu ermənilər idisə, niyə yer, şəhər, kənd adları Azərbaycan adlarıdır? 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci bəndinə görə, İran ərazisində olan ermənilər çox rahat şəkildə Cənubi Qafqaza, o cümlədən, Azərbaycan torpaqlarına gələ bilərdilər. Və gəldilər. Təsadüfü deyil ki, köçürmə komissiyasının rəhbəri ermənilərə müraciətində deyirdi ki, sizin üçün yeni vətən tapılıb.

Tarixçi Şavrov özünün əsərində yazırdı ki, 19-cu əsrin 20-ci illərinin ortalarından 20-ci əsrin əvvəllərinə qədər 1 milyon 300 min erməni bu gün Qərbi Azərbaycan dediyimiz Cənubi Qafqaz torpaqlarına köçürülüb. Və rus tarixçilərinin yazmış olduğu əsərlərin hamısında bir mənalı Qərbi Azərbaycan ərazisinin azərbaycanlılara məxsus olduğu göstərilir. Əgər İrəvan Azərbaycanın tarixi şəhəri deyildisə, onda nə üçün bu şəhər ermənilərə verilirdi. Deməli, azərbaycanlıların idi ki, ermənilərə verilirdi”.



Deputat, həmçinin vurğulayıb ki, dövlət başçısının çıxışı Azərbaycan tarixçiləri üçün məsul mübarizənin əsasını qoyub.

“Prezident dünyaya bir daha bəyan etdi ki, Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur da, İrəvan da Qərbi Azərbaycan torpaqlarıdır. Bu mənada tarixçilərimiz üzərlərinə düşən məsuliyyəti dərk edib, bu istiqamətdə uğurlu işlər aparacaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, indiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib:

"Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İrəvan   Prezident   İlhamƏliyev  





Xəbər lenti