Məhkəmə sistemində hüquq pozuntularının qarşısı alınır
Mətbuatda xəbər verildiyi kimi, ötən ay ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələrə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının tövsiyələri diqqətə çatdırılmaqla, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.
Həmin məsələlərin hər bir hakimin və məhkəmə işçisinin nəzərinə çatdırılması məqsədilə bu ərəfədə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin məsul şəxsləri və apellyasiya məhkəmələrinin rəhbərliyinin iştirakı ilə bütün məhkəmələrdə hakimlər və məhkəmə aparatı əməkdaşları ilə birgə müşavirələr keçirilib. Məhkəmə sistemində şəffaflığın təmin olunması, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, yol verilən nöqsanlar və onların səbəbi müzakirə edilib.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkarlanaraq hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb edilməklə, məhkum edildiyi qeyd olunub.
Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüləcəyi hər bir hakimin diqqətinə çatdırılıb.
Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydalarının tətbiqinin hakimlərin məsuliyyət hissinin artırılmasında, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində daha işlək mexanizmlər yaratdığı vurğulanıb.
Məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.
Azvision.az