Xaçmazda 3 ailə koronavirusa yoluxub, 90 nəfər nəzarətə götürülüb

Xaçmazda 3 ailə koronavirusa yoluxub, 90 nəfər nəzarətə götürülüb
  03 İyun 2020    Oxunub:10783
Xaçmazın Köhnə Xaçmaz kəndində 3 ailədən 10 nəfər koronavirusa yoluxub. Onlardan götürülən analizlərin cavabları müsbət çıxdıqdan sonra həmin ailələr Mərkəzi Rayon Xəstəxanası, yerli epidemiologiya mərkəzi, bələdiyyə və icra nümayəndəliyi tərəfindən nəzarətə götürülüb. Xəstələr Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bunu Azvision.az -a açıqlamasında Xaçmazın Müşkür inzibati ərazi dairəsi üzrə nümayəndəsi Polad Bədələov bildirib. Onun sözlərinə görə, xəstələrin əlaqədə olduğu şəxslər də müəyyən edilib, onlardan analizlər götürülüb.

“Xəstəlik aşkarlanan Köhnə Xaçmaz kəndinin Xaspoladoba istiqamətində 4 küçəsi tam nəzarətdədir. Nümayəndəliyin əməkdaşları, könüllülər, həmiçinin Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları, yerli epidemiologiya mərkəzinin işçiləri ərazini 24 saat nəzarətdə saxlayırlar. Vətəndaşlarla sosial məsafə gözlənilməklə görüşlər keçirilir, tibbi qaydalara riayət olunur. Vətəndaşlardan yoluxma aşkar edilən ailələrlə əlaqəni minimuma endirmək, ara məsafəni qorumaq, maska taxmaq tələb olunur”.

P.Bədəlov qeyd edib ki, virusa yoluxan 3 ailə Rusiyadan gələn şəxslə əlaqədə olub: "Bu ailələr bir-birinə yaxın olduğu üçün yoluxma sürətlə yayılıb. Ailələrlə təmasda olan 90 nəfərdən analiz götürülüb, hazırda onlar nəzarətdə saxlanılırlar. Yoluxanlardan biri 33 yaşında, digərləri isə 33-55 yaşlardadır".

Qeyd edək ki, Köhnə Xaçmaz kəndi koronavirusla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi nəzarətə götürülüb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xaçmaz   Koronavirus  





Xəbər lenti