“Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir” - Zahid Oruc

  01 İyun 2020    Oxunub : 2514
“Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir” -  Zahid Oruc
"Bir neçə gündən sonra Ermənistanda 4 günlük aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətimiz üzərində qurduğumuz məhkəmə idi".
Azvision.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, Ermənistanda aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər:

"Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdilər, eləcə də istintaqa çağırılmalı oldular. Sarkisyan və Ohanyandan başqa sabiq XİN rəhbəri Edvard Nalbandyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaq. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən, gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair".

Komitə sədri qeyd edib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir:

"Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Prezident İlham Əliyevin 4 günlük müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistan hakimiyyəti aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmaga çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyrimizədir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvan bölgəsində yerləşdirilən müasir reaktiv raket qurğuları haqda silsilə yazılar gedir. Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən aprel müharibəsinin istintaqını izləmələdir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Zagid-Oruc