Hökumət başçılarının videokonfrans formatında iclası keçirildi

  29 May 2020    Oxunub : 2261
 Hökumət başçılarının videokonfrans formatında iclası keçirildi
Mayın 29-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib.

MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi aparıblar.

İclasda çıxış edən Baş Naziri Əli Əsədov gündəliyə daxil edilən məsələlərin əhəmiyyətinə toxunub. Baş Nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək qərarın önəmini vurğulayıb.

Baş Nazir Əli Əsədov nəqliyyat sahəsinə investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd edib.

Ölkəmizin həm Birlik çərçivəsində, həm də beynəlxalq səviyyədə humanitar sahədə əməkdaşlığa böyük önəm verdiyi də qeyd edilib.

Çıxışının sonunda Azərbaycan Respublikasının Baş Naziri MDB məkanında həll edilməmiş münaqişələr məsələsinə toxunub, bunun regional əməkdaşlığın və MDB məkanında daha sıx qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə başlıca maneə olduğunu bildirib.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti