Nizaminin qəbir daşları necə oğurlanmışdı – ARAŞDIRMA, FOTOLAR

Nizaminin qəbir daşları necə oğurlanmışdı – ARAŞDIRMA, FOTOLAR
  10 Fevral 2013    Oxunub:10813
"…Sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım: Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi……Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamiş və qəhvə rəngini almışdi…"
(Davamı. Əvvəli burada)

Rəssam Şmerlinqin ”Molla Nəsrəddin” jurnalının 51-ci sayındakı (1908-ci il) rəsmində Nizaminin uçulmuş məqbərəsi təsvir olunub və belə bir alt yazı verilib:
“Gəncənin yaxınlığında məşhur Şeyx Nizaminin qəbri. Camaat: Bu əzim günbəd şairi-məşhur Nizami Gəncəvinin qəbiridir. Mərhumun "Pənc gənc" adlanan "Xəmsə"si fars ədəbiyyatının bünövrəsi və rüknlərindəndir. Bundan savayı, iyirmi min beytdən ibarət qəsidə, qəzəl və qeyri şeirləri olduğu deyilirsə də, çoxu itibdir. "Xəmsə"si Müsyo Şarmua tərəfindən fransiyə tərcümə olunubdur. Mərhumun özü əslən qumludur və Gəncədə şöhrət tapıbdır. Adı Şeyx Əbu Məhəmməd İlyas bin Yusif bin Mobiddir. 891 tarixdə və bir rəvayətə 606-da 84 yaşında vəfat edib. Zamanın padşahları mərhuma çox hörmət etdikləri halda, qeyri şairlər kimi heç kəsi mədh etməmişdir. Camaat, mən təklif edirəm ki, Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq”.
Həmin dövrdə Noşirəva Zinətulla adlı birisinin də bu mövqedən çıxış etməsi Azərbaycan ziyalıları arasında geniş mübahisəyə səbəb oldu. Hətta “Kommunist” qəzetində və başqa mətbu orqanlarda “Nizamiyə abidə lazımdırmı?..” mövzusunda polemikalar açıldı. İllərlə davam edən bu mübahisələrə “Kommunist” qəzetində yekun vuruldu:
“Üç ildir abidə məsələsi meydana atılmışdır. Azərbayçan Xalq Komissarları Şurası Nizamiyə abidə qoyulması məsələsini təsdiq etmiş və 7 min manat bu işə təxsis edilmişdir. Amma Noşirəva Zinətulla Nizamini ləkələmişdir. Salman Mümtaz bunun (Zinətulla Noşirəvanın) əleyhinə çıxmış, “Nizamiyə abidə lazımmı” məsələsi üzrə Əli Abbas Müznib Zinətulla Noşirəvanın əleyhinə şiddətlə çıxış etmiş, onun dediklərinin əsassız olduğunu sübut etmişdir!” (“Kommunist”, 1923, 28 sentyabr. )
Nəhayət, Dadaş Bünyadzadənin işə qarışması ilə məsələ öz həllini tapdı. Əli Razi Şamçızadə “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli nömrəsində “Bədbəxt şair” başlıqlı məqaləsində bu barədə yazırdı:
“…Tiflisdən, yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz bütün məsarif öhdəmədir”.
Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbagırzadəni oktyabrın 3-də Gəncəyə ezam edir və o, oktyabrin 6-da verilən tapşırıgı yerinə yetirərək, Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yıgıb yenidən köhnə qəbrində dəfn etdirir. Mirabbas Mirbagırzadə gördüklərini “Şeyx Nizami” adlı məqaləsində belə təsvir edirdi: “…sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım: Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi... Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamiş və qəhvə rəngini almışdi…”
Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə “Şeyx Nizaminin qəbri” (“Kommunist” 19 oktyabr 1923-cü il) və “Şeyx Nizami” (“Yeni fikir”, Tiflis 1923, 25 noyabr ; N:256) məqalələri ilə çıxış edən Mirabbas Mirbagırzadə bu barədə Arxeologiya komitəsinin 28 noyabr 1924-cü il tarixli ümumi iclasında kiçik məruzə ilə çıxış edir və Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə arxeoloq C.Aleksandroviç Nəsifi epiqrafçı İ.Əzimbəyovla birlikdə Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, burada qəbrin açılmasında iştirk etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə baglı bir çox maraqlı məlumatlar alır. C. Aleksandroviç Nəsifinin tədqiqatlarının nəticələri onun “Gəncə və Nizaminin qəbri” məqaləsində ətraflı işıqlandırılıb. Bu acınacaqlı hadisəni sonralar Əli Nəzmi bu cür təsvir edirdi:

Eylədilər

Bir biyabanda, uçuq qəbrimin altında əvət,
Yeddi yüz əlli il idi ki,yatırdım rahət.
El unutmuş məni, atmışdı kənara millət,
Bir əyadət, nə ziyarət, nə məhəbbət, hərəkət.
Heyf, birdən-birə meydanda zühur eylədilər,

Saldılar yadə məni gorbagor eylədilər.
Dedilər kim, sənə layiq deyil olsun mədfən,
İşbü səhrada yıxıq günbədi, var su, nə çəmən.
Başda tac olmalı ərbabi-qələm, əhli süxən,
Şəhrə tabutumu nəql etdilər əbnayi-vətən.
İşbu fel ilə bütün düşməni kor eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Çatmadan şəhrə, geri döndü fəqət qafiləmiz
Dəfn edildik yenə əski çuxura bir daha biz.
Dirilər ilə qədid eyləyə bilməz ki, səfiz,
El hökumət adıma abidə rəkz etməyə tez.
Söz və dil bir hamısı sərf- süur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

Bir təşəbbüs daha etmişdi keçənlərdə də el,
Tikməyə məqbərəmi bağlamış idi hamı bel.
Onda da əsdi bu “söz” bağına bir sərsəri yel,
Basdı bu fikir gülüstanını bir qırmızı sel.
Get-gedə başdan o fikri, işi dur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.


Mən kiməm? Petroqradda Marrı bilmiş tanıyor,
Berlinə, Londona get sor belə həpsi qanıyor.
Ax mənimkilər…Aman onlara canım yanıyor,
Kim bilir…Bəlkə də onlar məni “yad”dır sanıyor.
Sökməyə məqbərəmin daşını zor eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.


İngilis, nemsə və ruslarca da məlum əsərim,
Başqa millətlər arasında da vardır dəyərim.
Bilməyir tək məni öz qövmlərim var xəbərim,
Sanki məchul ona bu “məxzən” olubdur gühərim.
Anlamaq istədilər,heyf ki, şur eylədilər,
Saldılar yadə məni gorbagor eylədilər.

(“Sicimqulunamə, ”Bakı,1927 )


Ancaq yenə də şairin qəbrinin abadlaşdırılması yaddan çıxır. 1929-cu ildə Nizaminin qəbrini görmək üçün Gəncəyə gəlmiş akademik İ. İ. Meşşaninov demişdi: “Mən Nizaminin qəbrini görəndə, öz gözlərimə inanmadım, Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı”.

1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır və 1932-ci ildə nəhayət qəbrin üzərinə müvəqqəti abidə qoyulur. 1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən söyləməsi, onun Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi. Həmin görüşün iştirakçısı Mikola Bajan həmin hadisəni belə xatırlayırdı: “Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanaraq , məhz bu şeri əzbərdən söylədi”.

İosif Stalinin Nizamiyə münasibəti aydınlaşdıqdan sonra hadisələrin inkişafı daha da sürətləndi və Nizaminin məzarı üzərində layiqli bir abidə ucaldılması məsələsi yenidən diqqət mərkəzində durdu. Tikiləcək məqbərənin yerini son dəfə tədqiq etmək üçün 1940-cı ildə İ.P.Şeblıginin də iştirak etdiyi daha bir arxeoloji ekspedisiya Nizaminin qəbrində və onun ətrafında qazıntı işlərinə başlayır. Tarixi mənbələrdə rast gəlinən ən xırda detallardan tutmuş, C. Aleksandroviç-Nəsifinin məqbərə ətrafındakı son tədqiqatlarına qədər məqbərə haqqındakı bütün materialları, arxeoloji ekspedisiyanın gəldiyi nəticələrlə uzlaşdıran İ. P.Şeblıgin böyük elmi dəyərə malik “Nizami türbəsinin tarixinə dair” məqalə və “Nizami dövründəki Azərbaycan abidələri” adlı monoqrafiya ilə çıxış edir. Şeblıginin tədqiqatlarından aydın olur ki, Nizaminin XIII əsrdə tikildiyi təxmin edilən məqbərəsinin ümumi sahəsi 101,12 kv. m, özülünün qalınlığı isə 1m 72 sm olub. Bütün bunları nəzərə alan Şeblıgin Nizaminin məzarı üzərində XIII əsrdə tikilmiş məqbərənin çox nəhəng bir tikili olduğu qənaətinə gəlir.
1923-cü ildə aparılan son qazıntılara qədər məqbərənin sahəsi azalaraq 56,25 kv. m olub. O, məqbərənin forma və quruluşunu müəyyənləşdirərkən 1903-1905-ci illərdə İranın Tiflisdəki konsulu Hüseyn xan Rzazadənin sulu boya ilə çəkdiyi bir rəsm əsərini əsas kimi götürmüşdü. Şeblıginin Nizaminin məzarında apardığı qazıntı işləri sonralar-70-80-ci illərdə yeni şaiyələrin və söz-söhbətlərin yayılmasına səbəb oldu. Mənbəyi məlum olmayan bu şaiyələrdə iddia edilir ki, qazıntı zamanı Nizaminin kəllə sümüyü götürülərək surətinin yaradılması üçün məşhur alim Gerasimova göndərilib. Sonra isə guya naməlum səbəblər üzündən nə Nizaminin obrazı yaradılıb, nə də kəllə sümüyü geri qaytarılıb. Heç bir arxiv sənədində və akademik Gerasimovun gördüyü və yerinə yetirməyi planlaşdırdığı işlər siyahısında bu barədə heç bir məlumata rast gəlinmir. Görünür 1941-ci ildə Əmir Teymurun və oğlanlarının kəllə sümüyü əsasında onların obrazlarının yaradılması barədə məlumatlar belə bir əsassız şaiyənin yaranmasına səbəb olub. Çünki,1939-cu il noyabr ayının 1-də Nizaminin 800 illik yubileyinə hazırlıq məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları Şurasının 4972 N-li qərarı ilə Nizami muzeyi yaradıldı. Böyük şairin obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə élan edildi. Rəsm müsabiqəsinin qalibləri üçün I və II dərəcəli mükafatlar nəzərdə tutulmuşdu. 1941-ci ildə şairin 800 illik yubileyi ərəfəsində müsabiqəyə yekun vuran komissiya heç bir işi I mükafata layiq görmədi. İkinci mükafat Qəzənfər Xalıqovun çəkdiyi portretə verildi. Sonralar bu portret əsasında məşhur heykəltəraş, SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanov şairin heykəlini hazırladı. Bu gün Bakıda, Gəncədə və Brüsseldə ucalan möhtəşəm heykəllərin müəllifi də Fuad Əbdülrəhmanovdur.
1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilirdi. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə müsabiqədə birinci yeri tutdu və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verildi.
1926-cı ildə “Ədəbi parçalar” adlı məcmuəsinin birinci nömrəsində 3-cü səhifədə layihənin şəkli dərc olundu. Həmin jurnalda 53-cü və 59-cu səhifələrdə isə Nizaminin məzarının xarabalıqlarının fotoları verilmişdi.
Lakin naməlum səbəblər üzündən layihənin icrası təxirə salındı və Nizaminin qəbri üzərində sadə bir baş qaşı qoymaqla bu işi bitmiş saydılar. 1940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verildi. Böyük Vətən Müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırıldı və nəhayət 1947-ci ildə məqbərə tikilib başa çatdırıldı. Yerli ağ daşdan tikilmiş məqbərənin hündürlüyü 15,2 m, bünövrəsinin sahəsi 49 kv. m idi. Memarlar Nizami dövrünün və ondan sonrakı Elxanilər dövrünün qülləvari türbə ənənəsinə uyğun bir abidə yaratmağa çalışmışdılar. Bununla da böyük şairin məzarı ətrafında cərəyan edən xoşagəlməz əhvalatlara son qoyulduğunu güman etmək olardı…

Lakin belə deyildi…

Əvvəl Nizaminin məzar daşlarının, sonra isə onun sinə daşının estampajının müəmmalı şəkildə yoxa çıxması, hansısa gizli bir qüvvənin Nizaminin bu məmləkətlə bağlılığının ya ən azı şübhə altına alınmasına rəvac verməsindən, ya da tamam başqa mətləblərdən xəbər verir.

Nizami komissiyası “Kommunist” qəzetinin 13 noyabr 1924-cü il tarixli nömrəsində dərc etdirdiyi “Unudulmuş yoldaşa cavab” sərlövhəli məqaləsində yazırdı:“Yoldaş Mirabbas getdikdən sonra, Maarif şöbəsinin müdiri yoldaş Kazımovdan Mərkəzi muzeyə bəzi daşlar və həm də böyük bir məruzə göndərilib, təəssüflər ki, bu günə kimi əncamsız qalmışdır”. Nizami muzeyi yaradıldığı gündən orada baş mühafiz işləyən Sücaətdin Tağızadə danışırmış ki, Nizaminin məzarından bir neçə yazılı daş gətirib muzeyin foyesinə qoyublarmış. Daşlardan əlavə qəbrdən başqa əşyalar da gətirilibmiş. Muzeydəki tirmə parçası da həmin əşyalar arasında olub. Sonra bu daşlar tarix muzeyinə verilir və ordan yoxa çıxır. Ancaq bu daşlar görünür Nizaminin məqbərəsi sökülən zaman üzə çıxan daşların hamısı olmayıb. Daşlardan bir hissəsi qəbrin yanında qalıb və sonradan – 1947-ci ildə yəni məqbərə tikildikdən sonra həmin daşları məqbərənin içinə yığıblar. Nizami muzeyinin əməkdaşı Sadıq Hüseynovun yazdığına görə 1963-cü ildə Nizaminin məqbərəsində səliqə-sahman yaradılması ilə əlaqədar, o vaxtlar Kirovabad şəhər Sovetinin sədri işləyən Ələsgər Əlizadə Nizaminin sinə daşının və orada olan başqa daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyinə aparılması barədə göstəriş verir. Bu daşların Gəncə Tarix- Ölkəşünaslıq muzeyində isə həmin daşların harada olmasından heç kimin xəbəri yoxdur.
Bunlar azmış kimi Nizami muzeyinin fondundan Nizaminin sinədaşının estampajı da yoxa çıxır. Estampajı muzeyə təqdim edən Əjdər Ələsgərzadə onun haqqında ilk dəfə 1945-ci ildə Elmlər Akademiyasında etdiyi məruzədə söz açıb və 1947-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında estampajın şəklini və tərcüməsini də vermişdi.

Əjdər Ələsgərzadənin tərcüməsində kitabənin mətni bu cür səslənir: “Bu nurlu qəbr Şeyx şeyxləri Əbu-Məhəmməd, ibn-İlyas,ibn-Yusif,ibn-Zəki, Nizaməddin Müəyyədindir. Orucluğun dördüncü günü, altı yüz beşinci il tarixində”.
Kitabənin bu cür oxunması, düzgün və sərrast tərcüməsi Y.E.Bertels, C.Alesandroviç Nəsifi, Şeblıgin və başqaları tərəfindən həyata keçirilmişdi. Görkəmli şərqşünas Dyakonov 1948-ci ildə kitaba yazdığı rəydə bunu belə qiymətləndirirdi: “Ə. Ələsgərzadə tərəfindən Nizami və Xaqani qəbrinin kitabələrinin oxunub Şərq epitafiyası sahəsində qəbul edilməsi xüsusilə qiymətlidir, demək olar ki, sensasiyadır”.
Lakin kitabədəki bir səhv bəzi alimləri şübhəyə salır və onun orjinallığını sual altında qoyurdu. Hətta bu kitabənin Ə. Ələsgərzadə tərəfindən uydurulduğunu iddia edənlər də tapılırdı. Təcrübəli nizamişünas Y.Bertelsin bu qüsuru məntiqi surətdə izah etməsi bütün şübhələrə son qoydu: “Kitabədə səhv vardır. Şairin adı olan “İlyas” sözündən əvvəl “ibn” sözü durur. Şəxsən mənə elə gəlir ki, bu səhv kitabənin əsl olduğunu ancaq təsdiq edir, belə ki, saxta olsaydı əlbəttə adı düzgün yazardı. Usta tələsdiyindən “ibn” sözünü çox asanlıqla yaza bilər”.
Gəncədə Alüminium zavodunun tikilməsi məqbərə üçün real təhlükəyə çevrildi. Alüminium tullantılarının yağışla bərabər türbənin üzərinə düşməsi nəticəsində məqbərənin aşağı hissələri yeyilməyə başladı. 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış etdi. O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işlədi. Onlar, artıq Gəncənin simvoluna çevrilmiş köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq, qranit və mərmərdən tikiləcək və hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırladılar. Layihə bəyənilsə də Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salındı. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alındı. Bu proses də itkisiz ötüşmədi.
Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdıldı və minə qədər qədim qəbir məhv edildi. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparıldı. Məqbərənin daş və qranitdən hazırlanmasına baxmayaraq, tikinti zamanı istifadə olunan sement və yapışdırıcı materiallardan normalar daxilində istifadə olunmadığından türbənin kənarında bəzi daşlar sürüşür, günbəzin hidroizolyasiya qatı zəif olduğundan məqbərənin içərisinə su sızırdı. Buna görə də Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında, məqbərə kompleksi 2011-ci ildə əsaslı təmir olundu.

Füzuli Sabiroğlu


Teqlər:  





Xəbər lenti