Ombudsmanın regional mərkəzi videokonfrans keçirib

  26 May 2020    Oxunub : 2843
Ombudsmanın regional mərkəzi videokonfrans keçirib
Ombudsmanın Gəncə Regional Mərkəzi və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində qərb bölgəsi üzrə Heydər Əliyev Mərkəzləri ilə birlikdə "İnsan hüquqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda hüquqi maarifləndirici videokonfrans təşkil edilib.
Azvision.az xəbər verir ki, videokonfransda Samux, Gəncə, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Ucar, Ağcabədi, Tərtər, Ağdam, SaatlıQobustan Heydər Əliyev Mərkəzlərinin rəhbərləri iştirak ediblər.

İştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayan Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu əlamətdar tarixi nəzərə alaraq ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.

Qeyd olunub ki, hüquqi dövlət quruculuğu sahəsində Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatlara başlanılmış, ölkəmizin dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. S.Abbasov xatırladıb ki, Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası hazırlanıb, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu bəyan edilib, ölkənin qanunvericilik bazası yaradılıb, insan hüquqlarının təmini istiqamətində bir sıra mühüm fərman və sərəncamlar imzalanıb.

Çıxış zamanı 10 fevral 1998-ci ildə Azərbaycanın Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə ölüm cəzasının ləğv edildiyi, həmçinin 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının insan hüquqları sahəsində ən mühüm sənədlərdən olduğu bildirilib. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsinin insan hüquqları sahəsində böyük dönüş nöqtəsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ümummilli liderin siyasətini uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində həyata keçirilən islahatlarla Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilib. Bildirilib ki, dövlət başçısı tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində imzalanmış bir sıra fərman və sərəncamlar, qəbul edilmiş dövlət proqramları, eləcə də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramı”nın icrası ölkədə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verilməsini sübut edir.

Videokonfransda iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Azvision.az

Teqlər: Ombudsman