“Bacarıqlı idarəçi öz səhvlərini görməyi bacarmalıdır” - Nazir (VİDEO)

 “Bacarıqlı idarəçi öz səhvlərini görməyi bacarmalıdır”  -   Nazir (VİDEO)
  23 May 2020    Oxunub:9765
Əyani mərhələnin videomüsahibə turunu da uğurla yekunlaşdıran “Yüksəliş” müsabiqəsi növbəti mərhələlərin hazırlığını davam etdirir. Əlbəttə ki, layihənin məsuliyyətini üzərinə götürən dövlət və özəl qurumların birgə əməkdaşlığı, peşəkar mütəxəssis və ekspert heyəti sayəsində müsabiqənin gedişatı uğurla tənzimlənir. Eyni zamanda, ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımların atılması layihənin davamlılığını təmin edir. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır.
Azvision.az xəbər verir ki, bu dəfə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirib.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

Uğurlu idarəçinin əsas keyfiyyətlərindən biri onun idarəetmə cəsarətidir. Problemlərlə üzləşməli, hər şeyi olduğu kimi söyləməli, çətin qərarlar qəbul edən və hərəkətləri üçün məsuliyyət daşıyan bir şəxs olmalıdır. Qloballaşan dünyada uğurlu idarəçi bütün yeniliklərə açıq olmalıdır. İdarəçi yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək lider olmalıdır. Mənəvi cəhətdən qüvvətli, dayanıqlı, ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır. O, komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən həvəsləndirməyi bacarmalıdır. Sadə və təvazökar olmalıdır.



- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?

Müasir dövrün tələbi informasiyadır və daha çox məlumatlı olmaq, daha çox bilmək deməkdir. Peşəkar idarəçi daima özünü və biliklərini yeniləməlidir. İnformasiyanın dəyərinin düşməməsi o məlumatın təzələnməsindən və daha etibarlı olmasından asılıdır.İdarəçinin irəlini görə bilmə və planlama qabiliyyətinə sahib olması zəruridir. Bacarıqlı idarəçi öz səhvlərini görməyi və bunu etiraf etməyi də bacarmalıdır. İstənilən idarəçi hər şeyin mükəmməl olmasını istəyir və bunun üçün mübarizə aparır. Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil. Lakin o, eyni səhvləri bir daha təkrarlamamağa səy göstərməlidir.

- Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

Bu il ölkə gəncliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan islahatlar fonunda “Yüksəliş” müsabiqəsinə start verilməsinin xüsusi önəmi vardır. Bu müsabiqə istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir. Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək! Bir sözlə, “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir.

“Yüksəliş” müsabiqəsinin iştirakçılarına uğur arzulayıram və əminəm ki, bu müsabiqənin finalçıları Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar.

Azvision.az


Teqlər: ETSN   Nazir   Muxtar-Babayev   Yüksəliş  





Xəbər lenti