Havanın çirklənmə səviyyəsi xeyli azalıb

  Havanın çirklənmə səviyyəsi xeyli azalıb
  21 May 2020    Oxunub:4667
Ekologiya və Təbii Sərvətlər Nazirliyin funksiyaları çərçivəsində karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidələr və monitorinqlər həyata keçirilir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda monitorinq işlərininin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur.

“Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir”.

Onun sözlərinə görə, araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb.

“Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.

Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub. Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Hava  





Xəbər lenti