Ceyhun Bayramov tələbələrin suallarını cavablandırdı

Ceyhun Bayramov tələbələrin suallarını cavablandırdı
  21 May 2020    Oxunub:4393
Təhsil naziri Ceyhun Bayramov mayın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir tələbələrə pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar barədə ətraflı məlumat verib, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə danışıb.

Bildirilib ki, təklif edilən onlayn platformalara 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub, həmin platformalar üzərindən təlim-tədris prosesi uğurla təşkil edilib. Tələbələr iyun-iyul aylarında keçiriləcək imtahan sessiyasında iştirak edəcək, imtahanlara hansısa səbəbdən hazır olmayanlar üçün isə avqust-sentyabr aylarında icmal mühazirə və imtahanlar təşkil ediləcək.

Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri olan tələbələrin təhsil haqlarının 2020-ci ildə dövlət hesabına ödənilməsi barədə qərara toxunan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 7 minə yaxın tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim edib. Eyni zamanda qeyd edilib ki, ölkə başçısı tərəfindən ötən il imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir.

Nazir həmçinin 18 may 2020-ci il tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarla bağlı da geniş məlumat verib.

Sonra Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti