Deputat sosial yardımla bağlı təkliflər irəli sürdü

Deputat sosial yardımla bağlı təkliflər irəli sürdü
  19 May 2020    Oxunub:3146
“Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi çox vacibdir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirini qəbul edən zaman ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi istiqamətində əlavə işlər görülməsini tapşırıb:

“Ölkə başçısı ilə nazirin görüşü zamanı vacib məqam ortaya çıxmışdı. Nazirlik pay torpağı olan 7000 ailəyə ünvanlı sosial yardım verilməsini təmin etmişdi. Deməli, bundan başqa da pay torpaq sahəsi olan insanların ünvanlı sosial yardım almasının təmin olunması mümkündür. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi sahəsinə kiçik pay torpaqları olan insanların daxil edilməsini təklif edirəm”.

Ə.Məsimli qeyd edib ki, gəlirləri yaşayış minimumundan və ehtiyac meyarından aşağı olan əhaliyə də ünvanlı dövlət sosial yardımı verilməlidir: “Ehtiyac meyarı aradan qaldırılmalıdır. Digər tərəfdən statistikanın əhalinin siyahıya alınması ilə bağlı buraxdığı səhvlərin pandemiya dövründə zərərini gördük. Siyahıyaalınma düzgün aparılsa idi, biz bunu yaşamazdıq. Ona görə də ünvanlı dövlət sosial yardımın əhatə dairəsi genişləndirilməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti