Məktəblilərə narkotik satan şəxs yaxalandı

Məktəblilərə narkotik satan şəxs yaxalandı
  09 Yanvar 2014    Oxunub:5979
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb.

AzVision.az xəbər verir ki, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal hərəkətə keçən polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir ki, marixuana da satırmış. Rahim Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub.

Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda “Kazbek” siqaretləri, satışdan əldə edilən külli miqdarda nəğd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. Rahim Qarayev bu cinayəti ilə həm də yeniyetmə gənclərin zərərli vərdişlərə qurşanmasına şərait yaratmış olurmuş. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti