Prezident və birinci xanım 3 saylı DOST mərkəzinin açılışında - VİDEO+FOTOLAR

 Prezident və birinci xanım 3 saylı DOST mərkəzinin açılışında -  VİDEO+FOTOLAR
  19 May 2020    Oxunub:13921
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verdi.



Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST Mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.



Dövlətimizin başçısına və birinci xanıma 2020-ci ilin əvvəlindən indiyədək sosial sahədə əldə olunan uğurlar, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri, elektron sistemlər üzərindən göstərilən proaktiv xidmətlər, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobil təminatı, günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri, habelə DOST agentliyinin regional və beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlər barədə də məlumatlar verildi. Ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri nümayiş etdirildi.



Qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə “DOST” mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.



Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.







Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti