İsrail parlamenti “günəşli” və “yaşıl” olacaq

İsrail parlamenti “günəşli” və “yaşıl” olacaq
  09 Yanvar 2014    Oxunub:1292
Artıq 5 ildən sonra Günəş enerjisindən istifadə sahəsinə görə İsrail parlamenti dünyada ilk pilləyə qalxacaq.
AzVision.az yəhudi mətbuatına istinadən xəbər verir ki, İsrail parlamenti “Yaşıl Knesset” adlı ekoloji layihəyə 7 milyon şekel vəsait ayırıb.

Əgər Knesset sədri Yuli Edelşteyn və baş direktor Ronen Plot tərəfindən nəzərdə tutulan işlər uğurla nəticələnərsə, yaxın 5 ildə layihəyə xərclənən vəsait büdcəyə geri dönəcək. Su və elektrik enerjisinə edilən qənaətlər hesabına isə sonradan əlavə gəlir də əldə etmək mümkün olacaq.

Layihə çərçivəsində Knessetin damında, 4 min 500 kvadrat metr sahədə Günəş batareyaları quraşdırılacaq. Beləliklə, artıq 5 ildən sonra İsrail parlamenti Günəş enerjisindən istifadə olunma sahəsinə görə hazırki liderlər Almaniya və ABŞ-ı da keçərək birinci yerdə qərarlaşacaq.

İsrailin Ətraf Mühit üzrə naziri Əmir Peres zarafatca bildirib ki, “yaşıl çevrə” (1949-cu ildən atəşkəs xətti) ətrafındakı mübahisələrdən fərqli olaraq Knessetin baş direktorunun və sədrinin təklif etdiyi “yeni yaşıl çevrə uğrunda mübarizə bütün İsrail deputatlarını, nazirlərini, siyasətçilərini və sadə vətəndaşlarını birləşdirəcək. Çünki hər bir kəs İsraili yaşıl və ekoloji baxımdan təmiz görmək istəyir”.

Energetika və Su Təsərrüfatı naziri Silvan Şalom isə qeyd edib ki, parlamentin təşəbbüsü digər dövlət strukturlarını da “yaşıl yola” çıxmağa sövq edəcək:

“Enerjinin effektinin artması, enerjiyə qənaət, təbii qazdan daha çox istifadə və yeni texnologiyaların tətbiqi pul sərfini həm də ətraf mühitin çirklənməsinin azalmasına səbəb olacaq”.

Günəş batareyalarının quraşdırılmasından əlavə Knessetin “yaşıl layihəsi” əlavə 13 bənd nəzərdə tutur: bütün lampaların enerjiyə qənaətedici lampalarla əvəzlənməsi, iş gününü sonunda bütün kompüterlərin avtomatik söndürülməsi, parlament ərazisindəki yaşıllığın sulanması üçün Knessetin soyuducu sistemindəki sudan istifadə və s.

Qeyd etmək lazımdır ki, 5 ildən sonra proyektin ikinci mərhələsi başlayacaq. İsrail parlamenti Qan xa-vradim (Qizilgül bağı), Qan Saker və həm də qədim zeytun bağları ilə əhatə olunub. “Yaşıl Knesset” layihəsinin ikinci mərhələsində İsrail Ətraf mühitin mühafizəsi cəmiyyəti və Yəhudi Milli Keren Kaemet fondu ilə müştərək olaraq bütün bu ərazilərin qoruğa çevrilməsi nəzərdə tutulur.

AzVison.az


Teqlər:  





Xəbər lenti