Məhkəmələrin fəaliyyəti tam bərpa olundu

   Məhkəmələrin fəaliyyəti tam bərpa olundu
  16 May 2020    Oxunub:4437
Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar məhkəmələrin fəaliyyətinə qoyulan məhdudiyyət ləğv edilib.
Bu barədə Azvision.az-a Ali Məhkəmədən məlumat verilib.

Məlumatda bildirilib: "Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli Qərarını nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə:

1.1 18 may 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

1.2 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.

1.3 Məhkəmə prosesləri zamanı iclas zallarında, habelə inzibati binaların daxilində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edildiyi nəzərə alınsın.

1.4 Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

1.5 Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

1.6 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

2. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin".

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr istisna olmaqla digər məhkəmələrdə proseslər bu ayın əvvəlindən bərpa olunmuşdu.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti