Spiker deputat köməkçiləri ilə görüşüb

Spiker deputat köməkçiləri ilə görüşüb
  15 May 2020    Oxunub:3136
Bu gün Milli Məclisin plenar iclas zalında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Aparat rəhbərinin müavini Yaşar Əməşov, Milli Məclis Aparatında yeni yaradılmış İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Sədri iclası açaraq bildirib ki, bugünkü görüşün məqsədi deputat köməkçiləri ilə qarşıda dayanan vəzifələr barəsində fikir mübadiləsi aparmaqdır. Spiker vurğulayıb ki, hazırda Azərbaycan öz inkişafının yeni bir mərhələsini yaşayır: “Bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər nəticəsində parlamentin yeni tərkibi formalaşmış və altıncı çağırış Milli Məclis fəaliyyətə başlayıb”.

Sədr Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyev Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində digər məsələlərlə yanaşı, qanunvericilik orqanı qarşısında dayanan vəzifələri də müəyyən edib.



Sədr deputat köməkçilərinə müraciət edərək bildirib ki, onlar fəaliyyətində bu məqamı daim nəzərə almalıdır: ”Deputat köməkçisinin əsas vəzifələrindən biri deputatın fəaliyyətlərinin həyata keçirilməsinə təşkilati-texniki kömək göstərmək və onun tapşırığı ilə müxtəlif funksiyaları yerinə yetirməkdir. Yaxşı köməkçi deputatın səlahiyyət və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilməli, müəyyən mənada deputatın həmfikiri olmalıdır”.

S. Qafarova xatırladıb ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də təsir göstərib: ”İndi seçicilər ilə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Siz seçicilər ilə müntəzəm əlaqə saxlamalı, onların qayğı və problemlərini öyrənməli, dairənin ərazisində deputata bir növ bələdçilik etməyi bacarmalısınız. Əlbəttə, bu vəzifələri layiqincə yerinə yetirməyiniz üçün Milli Məclisin Aparatı sizə lazımi dəstək verəcək”.

Görüşdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir.

Sonra görüş Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşovun sədrliyi ilə davam etdirilib. Yaşar Əməşov deputat köməkçilərinə bu vəzifəyə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb və bildirib ki, parlament tarixində ilk dəfədir, Milli Məclisin plenar iclas zalında deputat köməkçiləri ilə görüş keçirilir..

Görüşün sonunda deputat köməkçilərini maraqlandıran suallara aydınlıq gətirilib.

Azvision.az


Teqlər: Parlament   Görüş   Deputat  





Xəbər lenti