Xaricdən ölkəyə gətirilən azərbaycanlıların sayı açıqlandı

 Xaricdən ölkəyə gətirilən azərbaycanlıların sayı açıqlandı
  13 May 2020    Oxunub:3896
Müəyyən olunmuş qrafik çərçivəsində xaricdə yaşayan vətəndaşların ölkəyə gətirilməsi davam edir.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, "Evə gəlirəm" portalı çərçivəsində qeydiyyata düşən vətəndaşların birinci hissəsi təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.

"5 mayda İrandan 94 nəfər, 7 may tarixində İstanbuldan 2 çarter reysi ilə 212 nəfər, 8 mayda 50 nəfər Daşkənddən, 11 mayda 52 nəfər Baltikyanı regionlardan, 12 mayda Moskvadan xüsusi təhsil müəssiələrində təhsil alanlar, 12 mayda 124 vətəndaş Minskdən gətirilib".

H.Hacıyev qeyd edib ki, 14 mayda 198 nəfərin Kiyevdən ölkəyə gətirilməsi nəzərdə tutulur: "Bundan öncə Azərbaycan-Rusiya quru sərhədindən 540-dan çox Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi təmin edilib. Onlar xüsusi karantin zonasında yerləşdirilir və bunun üçün dövlət tərtəfindən 4 və 5 ulduzlu otellər ayrılıb".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gətirilməsini təmin etmək üçün 18-31 may tarixlərini əhatə edən yeni qrafik hazırlanıb.

"Müəyyən olunmuş məntəqələr üzrə xüsusi çarter reyslər təşkil olunacaq. MDB məkanı, Avropa İttifaqına üzv ölkələr, o cümlədən Aİ üzv olmayan Avropa ölkələrindən saya uyğun çarter reyslərinin təşkil edilməsi planlaşdırılır. İrandan da quru sərhədi vasitəsilə vətəndaşlarımızın ölkəmizə gətirilməsi reallaşacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti