XİN başçılarının onlayn görüşünün detalları

  XİN başçılarının onlayn görüşünün detalları
  13 May 2020    Oxunub:8370
Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) videokonfrans formatında iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan Xarici İşlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi iştirak ediblər. İclasa sədrliyi Özbəkistanın Xarici İşlər naziri, MDB XİNŞ-in sədri Əbdüləziz Kamilov edib.

Çıxışlar zamanı tərəflər XİNŞ-in bugünkü görüşünün çətin zamanda – COVID-19 dövründə keçirildiyini qeyd edərək, pandemiya ilə bağlı vəziyyətin beynəlxalq əməkdaşlığın bütün sahələrinə təsir etdiyini vurğulayıblar. Pandemiya ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərin təxirə salınmasına baxmayaraq, bugünkü tədbirin təşkilinə görə Özbəkistan tərəfinə minnətdarlıq ifadə olunub.

XİN rəhbərləri çıxışlarında cari ilin 9 may tarixində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinin qeyd olunduğunu vurğulayaraq, tarixin saxtalaşdırılması, nasist cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərini xüsusi olaraq pisləyiblər.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov çıxışında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermədiyini və MDB-yə üzv dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneə olduğunu qeyd edib. Nazir BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququnun mövcudluğunu vurğulayıb.

Üç saat davam edən görüş çərçivəsində XİNŞ-in gündəliyinə daxil edilən 14 məsələyə baxılıb. O cümlədən beynəlxalq gənclər əməkdaşlığı, bədən tərbiyəsi və idman, mədəniyyət və digər əməkdaşlıq sahələrini əhatə edən mühüm sənədlər, habelə 2019-cu ildə MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrin həyata keçirilməsi planı və 2020-ci il üçün plana dair qərar imzalanıb.

İclasın yekunu olaraq qəbul olunan sənədlərin bir qismi baxılması üçün MDB Hökumət Başçıları Şurasına, digər qismi isə MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti