“Bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq” - Prezident

 “Bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq” -    Prezident
  12 May 2020    Oxunub:4505
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı deyib.

Dövlət başçısı çıxışında bildirib: "Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilibdir. Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu, davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır. Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.

Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.

Mən 7 il bundan əvvəl bu müəssisənin açılışında olmuşam və şadam ki, bu müddət ərzində bu müəssisə uğurla fəaliyyət göstərib. Bu müəssisənin məhsulları həm daxili bazarda tanınır və eyni zamanda, ixrac potensialı da mövcuddur. Bu, onu göstərir ki, müəssisədə istehsal olunan mallar yüksək keyfiyyətə malikdir. Bu gün mənə verilən məlumata görə, kombinezon istehsalı gündə 6 min ədədə çatdırılacaq və həkimlərimizin qorunması üçün bunun xüsusi əhəmiyyəti var. Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk.

Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti