“Qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq”

“Qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq”
  08 Yanvar 2014    Oxunub:897
“Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşüb”.

AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılış mərasimində çıxış edərkən bildirib.

"Sizi Bakı Sağlamlıq Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir, müstəqillik dövründə tikilmiş ən böyük tibb müəssisəsidir. 550 çarpayılıq mərkəzdə bütün lazımi şərait yaradılıbdır. Bu, ən böyük mərkəzdir. Burada bir neçə şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr vardır. Müasir avadanlıq quraşdırılıbdır. Yəni, burada yüksək tibbi xidmət göstərmək üçün bütün imkanlar vardır. Əminəm ki, burada çalışan həkimlər də xəstələrə qayğı və diqqətlə yanaşacaqlar. Bu mərkəzin tikintisi əlamətdar hadisədir".

Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir. Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun:

"Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, son illərdə belə mərkəzlərin tikintisinə nadir hallarda rast gəlmək olar. Çünki dünyada hələ ki, iqtisadi böhran davam edir, bəzi ölkələrin iqtisadi vəziyyəti o qədər də yaxşı deyildir. Deyə bilərəm ki, belə böyük xəstəxanaların tikintisi hazırda dünyada çox nadir hallarda mümkündür. Ancaq belə mərkəzlər Azərbaycanda tikilir və tikiləcəkdir. Mən yaxşı xatırlayıram ki, biz bu yerdə təməl daşını qoyduq. O vaxt bura demək olar ki, boş ərazi idi. İki il yarım ərzində gözəl mərkəz tikilmişdir.
Əminəm ki, bu mərkəzdə vətəndaşlara yüksək xidmət göstəriləcəkdir. Əlbəttə ki, bu, həkimlər üçün də yeni iş yerlərinin açılması deməkdir. Əminəm ki, burada işləmək də hər bir həkim üçün xoş olacaqdır. Çünki burada olan şərait dünyanın ən yüksək standartlarına uyğundur".

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə, avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir:

"Ancaq əlbəttə ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaqdır. Ancaq o da həqiqətdir ki, buradakı avadanlıqdan səmərəli şəkildə istifadə etdikdə, əlbəttə, gözəl nəticələr də olacaqdır. Çünki diaqnostika vaxtında aparılmalıdır. Burada diaqnostika üçün bütün imkanlar vardır. Müalicə düzgün aparılmalıdır. Düzgün diaqnoz qoyulmalıdır.
Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun.

Bir daha qeyd etmək istəyirəm ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaqdır. Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olmuşdur. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaqdır. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaqdır. Biz qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq. Sizi keçən bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm”.


Teqlər:  





Xəbər lenti