Ev və maşın verilən veteranların sayı açıqlandı

Ev və maşın verilən veteranların sayı açıqlandı
  09 May 2020    Oxunub:4775
Dövlət başçısının müvafiq Fərman və Sərəncamı ilə İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb.
Azvision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 15 aprel 2019-cu il tarixli Fərmanla ötən il aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər Fərmanla aylıq təqaüd (50 manat) təsis olunub.

İkinci Dünya müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ödən ilin aprelindən 150 manata çatdırılıb. Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.

Cari ildə də Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.

Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötən ilki ilə müqayisədə bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı və s. sahələrdə də müvafiq işlər aparılır.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti