Biləsuvardakı insidentə görə 7 nəfər saxlanıldı

   Biləsuvardakı insidentə görə 7 nəfər saxlanıldı
  05 May 2020    Oxunub:4234
May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Azvision.az -a daxil olan birgə məlumatda bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Baş-Prokurorluq   Biləsuvar   İnsident  





Xəbər lenti