Deputatdan banklarla bağlı yeni təklif

Deputatdan banklarla bağlı yeni təklif
  05 May 2020    Oxunub:2824
“Diqqətinizi ağrılı bir məsələyə - vətəndaşlar və banklar arasında istehlak kreditləri borclarının ödənilməsində yaranan problemə yönəltmək istərdim. Bu məsələdə bankların güzəşt etməsini qəti mövqe kimi qoymaq da çətindir. Bəs nə etmək olar? Koronavirusla bağlı dünyada tətbiq olunan təcrübəni öyrənmək və tətbiq etmək olar. Əgər vətəndaş gündəlik qazancla kredit ödəyirdisə və bu gün evindən çölə çıxa bilmirsə, necə ödəyəcək?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, Azərbaycanda əksəriyyət tez bir zamanda milyoner olmaq, sərmayə qoyub tezliklə üç qatını qazanmaq istəyir:

“Dünyada belə təcrübə yoxdur. Qoyulan sərmayalər bəzən 10 il müddətindən sonra gəlir gətirməyə başlayır. Bizim banklar isə ən asan yolu - istehlak kreditlərini seçirlər ki, bu da təlatümlü zamanlarda indiki kimi ağır şərait yaradır. Bankların daha çox istehlak kreditlərinə fokuslaşmasını Prezident də çox tənqid edib. Amma, indiki vəziyyətdə banklara sahib çıxmamaq daha ağır vəziyyət yarada və yenidən problemli kreditlər portfelinin artmasına səbəb ola bilər”.

R.Nurullayev təklif edib ki, hökumət əhalinin borcu həcmində banklara kredit versin:

“4-5 aydan sonra əhali hissə-hissə banklara olan borcunu qaytarır və banklar da dövlətin kredit borcunu ödəyir. Biz bunu etməliyik, kredit borcu olan həssas əhali qrupu çoxdur. Bunların içində, əlillər, veteranlar, aztəminatlı ailələr də var. Heç kim də deməsin ki, niyə istehlak krediti götürürdü? Kasıbın da, əlilin də, müharibə veteranının da, qul bazarı əmək birjasında çalışan fəhlələrin də müasir televizorlara baxmaq, xəbərləri izləmək, videolara baxmaq üçün smart telefonlar, evində çörək bişirə biləcəyi sobalar, geniş və səliqəli soyuducular, qışda qızınmaq, yayda sərinləmək üçün kondisionerlər almaq haqqı var. Ümid edirəm ki, hökumət bu təklifimi dəyərləndirəcək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Razi-Nurullayev  





Xəbər lenti