Qeydə alınmış bütün icazələrin müddəti uzadıldı

Qeydə alınmış bütün icazələrin müddəti uzadıldı
  02 May 2020    Oxunub:5057
Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il 31 may tarixinədək avtomatik olaraq uzadılır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Eyni zamanda, qurum və təşkilatlar 31 may tarixinədək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilərlər.



E.Niftəliyev, həmçinin qeyd edib ki, 8103 SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 31 may tarixinədək qüvvədə olacaqdır.

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər".

Agentlik rəsmisi bildirib ki, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər: "Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir. Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər".

Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti