Jurnalistlər kəşfiyyatın xidmətində
...Qərara alınır ki, əməliyyat 5 gündən sonra başlasın. İki gün ərzində sovet nümayəndələri həm Fələstin, həm də Livan kəşfiyyatının rəislərilə görüşür və Baalbək məbədində çəkiliş aparmaq istədiklərini deyirlər. Onlar razılıq versə də, hər biri öz tərəfindən iki nəfər ayırır – bəlli olmur ki, jurnalistləri qorumaq, yoxsa nəzarət etmək üçün.
Bəzi alimlər hətta bu daşların yadplanetlilər tərəfindən yonlduğunu və onların kosmik gəmilər üçün start meydançası olduğunu iddia edirlər. Bütün hallarda bu, onu göstərir ki, Yer kürəsində qədimlərdə bizdən daha inkişaf etmiş sivilizasiya mövcud olub.
5 gündən sonra sovet nümayəndələri toplaşıb, Baalbəkə yola düşürlər.
- Yola düşməzdən qabaq general Şubkin mənə dedi ki, bu işin təkcə teleçəkiliş olmadığı ürəyinə damıb,- İvan Lukaşev yazır, - Məsələ ondadır ki, Andrey Roqov heç də təkcə telejurnalist deyil. Və Baalbəki də heç də təkcə TV üçün çəkmir. Mən özüm də hiss edirdim ki, burada hər şey təmiz deyil. Fələstin kəşfiyyatının rəisinin üzündəki hiyləgər təbəssüm də mənə onu deyirdi ki, ərəblər şübhələniblər və bizi sıx nəzaədə saxlayacaqlar.
General Şubkin öz UAZ-ını 5 nəfərlik qrupa vermiş və içinə də xeyli silah yükləmişdi. Çünki o, bu çəkilişi hərbi missiya hesab edirdi. Həm də ona görə ki, Baalbək məbədi “Hizbullah”ın qərargahının yanında idi.
Jurnalistlər məbədə çatıb, lap yuxarıya qalxaraq, aparatlarını açıb quraşdırırlar. Andrey Roqov mikrofonu götürüb, reportaj verməyə başlayır:
- Əziz televiziya tamaşaçıları, biz dünyanın ən qədim tikililərinin birindəyik. Bu məbədin on min ildən çox yaşı var. İndi biz sizə göstərəcəyik ki, bu məbədin özülündə qoyulan daşların arasına dəmir pulu salmaq mümkün deyil.
-Amma bu zaman mən gördüm ki, operator Roqov tərəfə yox, başqa istiqamətdə panorama elədi.- Lukaşev yazır. – Roqov da dərhal mövzunu dəyişərək, “Baxın, hörməti tamaşaçılar,- dedi,- Baalbəkin ətrafında necə gözəl təbiət mənzərəsi var!”
Kameranın başqa tərəfə tuşlandığını görəndə ərəblər narahat olsalar da, jurnalistlər tezliklə çəkilişi qurtarırlar.
Əslində bu çəkiliş gözdən pərdə asmaq üçün idi. Jurnalistlərin kamerasında o dövr üçün ən yeni texnologiya olan rəqəmli ötürücü quraşdırılmışdı. O, sovet diplomatlarının saxlanıldığı Fələstin düşərgəsinin harada necə yerləşməsini kosmik peyk vasitəsilə birbaşa Moskvaya ötürürdü. Çəkilişdə kəşfiyyatçılara lazım olan bütün binalar ən xırda detallarına qədər görünürdülər. Bunun əsasında hazırlanan plana uyğun olaraq da “Goreşən”ə qarşı əməliyyata start verilir. Və “Vımpel” qrupu dövrəyə daxil edilir.
...1985-ci ildə hansısa gizli qüvvə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfatın ən yaxın ətrafına daxil olan şəxsləri bir-bir “dənləməyə” başlayır. Bu, “Vımpel” idi. Əməliyyata birbaşa general Drozdov şəxsən özü rəhbərlik edirdi. Qərar isə birbaşa Andropovdan gəlmişdi. Bu, SSRİ diplomatiyası tarixində ilk dəfə idi ki, rəqibi qorxuya salmaq taktikasına əl atılırdı. Qısa vaxtda 10 fələstinli komandir aradan götürülür. Bundan sonra isə Ərəfatın “Göreşən” ləqəbli köməkçisinə bir məktub gəlir...
...Ərafat hər şeyi başa düşür. Və bir gün saçı-saqqalı uzanmış 3 nəfər SSRİ-nin Beyrutdakı səfirliyin qapısının döyürlər. Bunlar Fələstin əsirliyindən buraxılmış sovet diplomatları idilər.
Daha sonra “Vımpel” qrupu gəldiyi kimi də yoxa çıxır...
Gözə kül üfürmək üçün isə həqiqətən də Mərkəzi televiziyada “Kinosəyyahlar klubu”nda “Livanda 20 dəqiqə” adlı proqram gedir və orada Baalbək məbədi göstərilir.
Teqlər: