“Həkimlərin fədakarlığı qürur hissi yaradır” - İlham Əliyev

   “Həkimlərin fədakarlığı qürur hissi yaradır” -    İlham Əliyev
  24 Aprel 2020    Oxunub:4114
“Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır”.

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında deyib.
Dövlət başçısının sözlərinə görə, bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər.

"Mən demişəm, hətta o geyimdə belə hərəkət etmək çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi.

Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Mən demişəm, indi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. “COVID-19” xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə demək olar ki, təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti