“Alimentlə bağlı şikayətlər həmişəki kimi çoxdur” - Ombudsman

  “Alimentlə bağlı şikayətlər həmişəki kimi çoxdur” -    Ombudsman
  24 Aprel 2020    Oxunub:3806
2019-cu ildə Ombudsmanın ünvanına 25 500 müraciət daxil olub.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatını təqdim edən Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, müraciətlər ötən illə müqayisədə 25% çoxdur: “Ünvanlanan şikayətlər müxtəlif məsələlərə, o cümlədən aliment, əmlak, pul tələbi və əmək haqqı üzrə borcun ödənilməsinə, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılmasına dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı olub. Bununla belə, aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər həmişəki kimi çoxluq təşkil edib.

Təhlillər göstərir ki, alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, ödənişin yubadılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə imkan verməyib. Borclunun işləməməsi, rəsmi iş yerinin olmaması və ya ondan tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin aşkar edilməməsi, əmək qabiliyyəti olmayan borclunun işləməməsi, pensiya və ya müavinət olmaması, yaxud da aldığı məbləğin az olması, müxtəlif qanunazidd yollarla borcu ödəməkdən yayınması, ölkənin hüdudlarını tərk etməsi kimi səbəblərdən aliment borcunun ödənilməsində ciddi problem və çətinliklər yaranır, bir çox halda ödənişin təmin edilməsi mümkün olmayıb. Borclunun stasionarda məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi və ya axtarış üzrə tədbirlərin nəticə verməməsi də məhkəmə qərarlarının icrasında çətinliklər yaradır".

Ombudsmanın sözlərinə görə, aliment üzrə borcların ödənilməsi məqsədi ilə həyata keçirilən tədbirlər, o cümlədən inzibati qaydada xəbərdarlıq edilmə, məcburi gətirilmə, cərimə, inzibati qaydada həbs olunma, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclu barəsində dövlətlərarası axtarışın elan edilməsi, cinayət məsuliyyətinə cəlb etmə kimi tədbirlər də demək olar ki, bir çox halda nəticəsiz qalıb.

"Araşdırma prosesində alimentin ödənilməsi bərpa edilsə də, bir çox halda ödəniş yenidən dayandırılıb. Bütün bu hallar övladlarını təkbaşına böyüdən anaların, habelə həmin aliment məbləği yeganə təminat mənbəyi olan uşaqların hüquqlarının pozulması ilə nəticələnib”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti