“Pandemiya dövründə iş yerlərinin qorunmasına nail olunub” - Sahil Babayev

   “Pandemiya dövründə iş yerlərinin qorunmasına nail olunub” -    Sahil Babayev
  22 Aprel 2020    Oxunub:3087
Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 85,4 min artıb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.

O, bu artımın əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olduğunu qeyd edib, yeni müqavilələrin əsasən hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılmasını, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.

Nazir əlavə edib ki, pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub.

S.Babayev vurğulayıb ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olunublar.

Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proqramın əhatə dairəsi 3 dəfədən çox genişlənərək 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti