“Hər birimiz həmrəy olmalı, qüvvələrimizi səfərbər etməliyik” - Hicran Hüseynova

 “Hər birimiz həmrəy olmalı, qüvvələrimizi səfərbər etməliyik” -  Hicran Hüseynova
  21 Aprel 2020    Oxunub:4703
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman vətəndaşın yanındadırlar, bütün hallarda onların hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi addımları atırlar. Bildiyimiz kimi, 14 aprel 2020-ci il tarixində ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində müşavirə keçirildi. Belə bir həssas zamanda bu müşavirənin keçirilməsinin xüsusi əhəmiyyəti var.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, 2020-ci il Azərbaycan üçün çox məhsuldar başlayıb.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasəti, sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlib. Xüsusilə vurğulamalıyıq ki, ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. 2020-ci ili həmçinin 2019-cu ildə aparılan islahatların uğurlu davamı hesab edə bilərik. Çünki əldə olunan nailiyyətlər təkcə sosial, iqtisadi sahəni deyil, digər sahələri, o cümlədən, məhkəmə-hüquq sistemini, idarəetmə mexanizmini əhatə edir. Eyni zamanda, korrupsiyaya qarşı uğurlu mübarizə, idarəetmədə gəncləşmə siyasəti, qanunverici hakimiyyətdə köklü müsbət dəyişikliklər də bu siyasətin tərkib hissəsidir. Siyasi sistemin yeni konfiqurasiyasının yaradılması, iqtidar-müxalifət dialoqunun uğurla aparılması ölkə başçısının müdrik siyasətin bariz nümunəsidir. Prezident İlham Əliyev həmin müşavirədə bu yanaşmanı belə qiymətləndirdi ki, “Əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır”. Ölkənin inkişafı üçün hər bir fikrin, hər bir ideyanın müsbət olacağını vurğulayan Prezident bir daha aydın şəkildə qeyd etdi ki, bu dialoq konstruktiv olmalıdır və bütün siyasi qüvvələr müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqları üçün fəaliyyət göstərməli, bu amala xidmət etməlidirlər".

Komitə sədri vurğulayıb ki, ölkə rəhbəri hər zaman vətəndaşın yanındadır, bütün hallarda onun hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi üçün lazımı addımlar atır:

"Bu çətin pandemiya dövründə də Azərbaycan dövləti, onun başçısı İlham Əliyev vətəndaşların sağlamlığının qayğısına qalmaqla bərabər, iqtisadi və maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin koronavirusun mənfi təsirindən maksimum dərəcədə qorunması məqsədilə bütün imkanlardan istifadə edir və postkoronavirus dönəmində də bu siyasət davam etdiriləcək. Eyni zamanda, cənab Prezident İlham Əliyev öz çıxışında bir daha vətəndaşları əmin etdi ki, sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq.

Prezident öz nitqində qeyd etdi ki, ”Bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”. Həmişə sistemli və mərhələli strategiyanı əsas götürən ölkə başçısının qətiyyətli Sərəncamları, Qərarları, möhkəm iradəsi nəticəsində pandemiya şəraitində ölkədə vəziyyət tam nəzarət altına alınıb, və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır".

H.Hüseynova xatırladıb ki, ölkə başçıs videokonfransda koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə toxunaraq, bu prosesdən əziyyət çəkən 600 mindən çox insanın dövlət tərəfindən dəstəklə təmin edildiyini, həmin insanların maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödəndiyini bəyan edib.

"Prezident bildirdi ki, işini itirmiş və işləməyən insanlara yardımların göstərilməsi vacibdir. Prezident İlham Əliyev müşavirədə işsizliklə, ünvanlı sosial yardımla bağlı məsələlərə də toxundu, öz tapşırıq və tövsiyələrini verdi. Bütün bunlar ölkə başçısının vətəndaşların rifahı və sağlamlığını hər şeydən üstün tutduğunu göstərir. Prezidentimiz xüsusi olaraq qeyd etdi ki, mövcud şəraitdə atılan addımlar insanların sağlamlığını, onların həyatını qorumağa yönəldilməlidir. Biz bunların hər gün şahidi oluruq və ölkə rəhbərinin hər zaman olduğu kimi bütün fəaliyyəti cəmiyyətdə xüsusi rəğbətlə qarşılanır.

17 aprel 2020-ci il tarixində cənab Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirdi. Ölkə Prezidenti bir daha vurğuladı ki, pandemiya dövründə prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Hazırda pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi ölkə başçısı tərəfindən də qeyd edildiyi kimi dövlət tərəfindən qarşılanır. Bu, Azərbaycan dövləti və onun başçısının həyata keçirdiyi humanist siyasətin göstəricisidir".

H.Hüseynovanın sözlərinə görə, aztəminatlı ailələrin problemlərinin həlli istiqamətində dövlət başçısının atdığı addımlar xüsusi qeyd edilməlidir.

"Cənab Prezidentin göstərişi ilə 190 manat alacaq 200 min insanın sayı 600 minə çatdırıldı. Dövlət bu çətin zamanda həmin insanların problemlərini öz üzərinə götürmüş oldu. Bu çətin günlərdə Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev daha bir nümunəvi addım ataraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü. Aprelin 10-da baş tutan Zirvə Görüşü Türkdilli Dövlətlərin həmrəyliyinin və birliyinin nümunəvi xarakter daşıdığını göstərdi. Eyni zamanda, bir daha sübut etdi ki, bu dövlətlər yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanındadır, Zirvə görüşünün Yekun Bəyannaməsi həm əməkdaşlığa, həm də koronavirus pandemiyası ilə mübarizəyə əhəmiyyətli töhfədir.

Bu gün hər birimiz dövlətimizin inkişafı, daha da güclü olması üçün həmrəy olmalıyıq. Əgər biz istəyiriksə ki, Azərbaycan dünya dövlətləri sırasında həmişə olduğu kimi öz layiqli nüfuzunu qoruyub saxlasın, o zaman vəzifəmizdən, sosial satusumuzdan, siyasi mənsubiyyətimizdən asılı olmayaraq, hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməli, öz fəaliyyətimizlə dövlətimizin tərəqqisi üçün qüvvələrimizi səfərbər etməliyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hicran-Hüseynova   Milli-Məclis   Komitə   Sədr   Koronavirus  





Xəbər lenti