“Dövlət vətəndaşların sağlamlığını və rifahını qoruyur” - Partiya sədri

 “Dövlət vətəndaşların sağlamlığını və rifahını qoruyur” -  Partiya sədri
  19 Aprel 2020    Oxunub:3157
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni növ koronavirus təhlükəsinin ilk günündən bəyan etdi ki, əsas məsələ vətəndaşların sağlamlığı və onların sosial müdafiəsidir".
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən hökumət müvafiq plan hazırlayıb, vətəndaşlara yardım edilir:

"Bu plana əsasən çox geniş tədbirlər görülür və dövlət tərəfindən 2.5 milyard manat vəsait ayrılıb. Lakin son günlərdə Prezident bu vəsaitin daha da artırıla biləcəyini qeyd edib. Hesab edirəm ki, bu, Azərbaycan vətəndaşlarının həm sağlamlığı, həm də sosial-müdafiəsi üçün mühümdür".

A.Mollazadə vurğulayıb ki, Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi məsələ vətəndaşların sağlamlığı və sosial müdafiəsidir: "Dünya çox ağır pandemiya ilə üzləşib. Dünyada insanlar ciddi sağlamlıq və iqtisadi böhranla üz-üzədirlər. Azərbaycanda isə zəruri addımlar zamanında atıldı. Görülən işlər vətəndaşları çox böyük təhlükədən qorumağa yönəlib. Azərbaycan dövləti bu çətin günlərdə öz potensialından istifadə edərək, vətəndaşların sağlamlığını və rifahını qorumağa çalışır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti