Yetər artıq, yetər!

Yetər artıq, yetər!
  10 Fevral 2013    Oxunub:1093
Əsəd Qaraqaplan

90-ların əvvələrində, yəni müstəqillik qazanılanda bizlər – 80-lərdə doğulanlar hələ uşaq idik. Böyüklərimizin böyük acıları belə bizim xırda uşaq sevinclərimizi üstələyə bilmirdi. Nə Qarabağ savaşı, nə ölkədaxili gərginlik, nə hakimiyyət dəyişiklikləri, nə də aclıq-səfalət bizim bu xırda uşaq sevinclərimizə kar edə bilmişdi.
Sərhədlərin açılmasıyla qardaş dildə oxunan türk mahnılarını öz xırda uşaq ruhumuza uyğun böyük bir sevinclə dinləyirdik. O mahnıların sözlərinə, sözlərindəki acıya, etiraza, üsyana, musiqinin kədərinə, hüznünə fikir vermədən...
Hətta Sezen Aksu “Həp qaranlıq, həp qaranlıq, yetər artıq, yetər! Bir ovuc qar yağsın...” bağıranda da bizə bu, sadəcə gözəl bir musiqi parçası kimi gəlirdi. Qardaş dildə oxunan, sərhədləri yıxıb gələn, böyüklərimizin böyük acılarını az da olsa uşaq gözlərimizdən yayındıran gözəl bir musiqi kimi...
Hə, dedim ya, 90-ların əvvəlləriydi, yeni müstəqillik qazanmışdıq, 80-lərdə doğulan bizlər hələ uşaq idik...
İndi, 20 il keçəndən sonra bütün o vaxt olanların nə demək olduğunu yavaş-yavaş anlamağa başlamışam...
Elə ki özümüz də böyüdük, elə ki acılarımız, etirazımız, üsyanımız artdı, böyüklərimizin o vaxtkı böyük acıları bizim acılarımızın yanında yalan oldu. Oysa acılar biraz daha birikərək gəlib çatmışdı bizə.
Biz savaş, gərginlik, dəyişiklik, aclıq, səfalət dövrünün uşaqlarıydıq.
Üzümüzdəki xırda sevinclərlə canımıza nə boyda acıların hopduğunu çox-çox sonralar anladıq.
İndi üzdə nə Qarabağ savaşı, nə ölkədaxili gərginlik, nə hakimiyyət dəyişikliyi, nə aclıq, nə də səfalət vardı. Ama bizlər – 90-ların uşaqları içimizdə bütün zamanların ən böyük acılarını daşıyırdıq – 20 ilə üzümüzdəki xırda uşaq sevincimizlə içimizə birikdirdiyimiz acıları. Həm Qarabağ savaşının, həm ölkədaxili gərginliyin, həm hakimiyyət dəyişikliklərinin, həm aclıq, həm də səfalətin...
İndi sözlərini, sözlərindəki acını, etirazı, üsyanı, musiqisinin kədərini, hüznünü duymağa başladığım o sərhədləri qırıb gələn qardaş dildəki mahnılar bugün bizim o vaxtkı xırda uşaq sevinclərimizi özündə qoruyub-saxlayan tək parçalardı – bunu da indi anlayıram...
Biz “həp qaranlıq” olan həyatımıza hərdən “yetər artıq, yetər! Bir ovuc qar yağsın...” deyərək yaşamağa davam edir, böyük acılarımıza xırda uşaq sevinclərimizlə xətt çəkə bilirik...

Hə, 90-ların əvvəli – yeni müstəqillik qazandığımız vaxtlarda 80-lərdə doğulan bizlər, üstündən 20 il keçəndən sonra da uşaq olaraq qalmışdıq. İçimizdəki böyük acılara rəğmən, üzümüzdəki xırda uşaq sevinclərini qoruyub saxlamışdıq...


Teqlər:  





Xəbər lenti