“Testlərin aparılmasına görə dünyada 30-cu yerdəyik” - Prezidentin köməkçisi

“Testlərin aparılmasına görə dünyada 30-cu yerdəyik” -  Prezidentin köməkçisi
  08 Aprel 2020    Oxunub:2848
"Azərbaycan Respublikası koronavirus testlərinin aparılmasına görə, dünyada 30-cu yerdə qərarlaşıb. Bu da dünyada ən yaxşı nəticələrdən biridir"

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün ölkədə 50 mindən çox test aparılıb: "Qarşıdakı dövrdə testlərin sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu da dövlətimizin növbəti uğurudur. Növbəti vacib bir məqamı qeyd etmək istərdim. Bəzən KİV-lərdə sual olunur ki, hər hansı bir ölkədə virusa yoluxanların sayı azdır. Yoluxanların sayının azlığı o demək deyil ki, həmin ölkədə xəstəlik yoxdur. Bu, o deməkdir ki, ölkənin test imkanları yetərli səviyyədə deyil. Azərbaycanda hədəfli auditoriya üzrə aparılan testlərin nəticəsidir ki, bu hallar müəyyən olunub"

H.Hacıyev vurğulayıb ki, ölkədə ərzaq tədarükü ilə bağlı bütün zəruri tədbirlər görülüb: "Azərbaycanda koronavirusla mübarizə tədbirləri kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının əvvəllərində dövlət başçısının rəhbərliyi və tapşırığı altında bütün sahələrdə olduğu kimi, ərzaq tədarükü və təchizatının müəyyən dövr ərzində təminatı ilə bağlı zəruri tapşırıqlar verilib. Yəni zəruri ehtiyatlar təmin olunub. Biz digər ölkələrlə müqayisə etsək, Azərbaycanda supermarketlərin boşalması hallarını müşahidə etmədik. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsidir".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Hikmət-Hacıyev  





Xəbər lenti