Əlillik müddəti başa çatanlara güzəşt edildi

Əlillik müddəti başa çatanlara güzəşt edildi
  08 Aprel 2020    Oxunub:2301
Koronavirus pandemiyası ilə mübarizə şəraitində həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi diqqətdə saxlanılır. Nazirlər Kabinetinin yeni Qərarı bu məqsədə xidmət edən növbəti addımdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Onlara əlilliyə görə təyin olunmuş aylıq müavinətin və ya pensiyanın, habelə onlardan 1-ci dərəcə əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş aylıq təqaüdün ödənişi də xüsusi karantin rejimi müddətində davam edəcək.

Həyata keçirilən bu sosial müdafiə tədbiri əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarlının təminatı və rifahının dəstəklənməsi sahəsində aparılan işlərin hazırkı xüsusi karantin rejimi müddətində də davam etdirildiyini göstərir.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti