“icaze.e-gov.az”da işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb - Suallara cavab

  08 Aprel 2020    Oxunub : 3133
 “icaze.e-gov.az”da işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb - Suallara cavab
“Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.
Azvision.az Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən icaze.e-gov.az portalı ilə bağlı ən çox verilən sualların cavablarını təqdim edir:

- icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb.

- Fəaliyyətinə icazə verilən subyekt tərəfindən icaze.e-gov.az portalına “ASAN İmza” və ya “Elektron İmza” ilə daxil olub, işçilərə dair məlumatı daxil edib təsdiqlədikdən sonra icazə əldə etmək mümkündür.

- icaze.e-gov.az portalında məlumatlar təsdiqləndikdən sonra onun dəyişdirilməsi və ya ləğv edilməsi mümkün deyil. Məlumatları daxil edən şəxs onu hələ təsdiqləməyibsə, “İcazələr” bölməsində əks olunan “redaktə et” və “sil” düymələrinin köməyi ilə dəyişdirə və ya ləğv edə bilər.

- Portal vasitəsilə icazə əldə edən şəxs daxil etdiyi məlumatlarda səhvə yol verib və müraciəti təsdiqləyibsə, icazə üçün yenidən müraciət göndərməlidir.

- icaze.e-gov.az portalında işçi barədə məlumatlar sistemə daxil edildikdən və yaşıl işarə əks olunduqdan sonra qeydiyyat təsdiqlənmiş hesab olunur. İstənilən halda işçinin xidməti vəsiqə və ya arayış əldə edərək özü ilə daşıması tövsiyə olunur. Eyni zamanda, icazələrlə bağlı sənəd işlədiyi qurum tərəfindən PDF formatında yüklənərək işçiyə təqdim edilə bilər.

- “ASAN İmza” möhürvurma səlahiyyəti ilə bağlı çətinlik olduğu halda 1847 nömrəsi ilə əlaqə saxlamaq olar.

- Portala FİN kod ilə daxil olmaq mümkün deyil. Portal vasitəsilə icazənin alınıb-alınmamasını işlədiyiniz qurumdan, təşkilatdan öyrənməlisiniz. Portalda “İcazə verilən zona” bölməsində icazəniz hansı istiqamətlər üzrə verilibsə, yalnız həmin rayon (şəhər) üzrə hərəkətiniz mümkündür.

Azvision.az

Teqlər: ASAN-Xidmət