Komitə əri tərəfindən yandırılan qadınla bağlı məlumat yaydı

  07 Aprel 2020    Oxunub : 1336
 Komitə əri tərəfindən yandırılan qadınla bağlı məlumat yaydı
Bir neçə gün öncə kütləvi informasiya vasitələrində Gəncə sakini 1986-ci il təvəllüdlü Məhbubə Vaqif qızı Abbasovanın həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək yandırıldığı xəbəri verilmişdi.
Azvision.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat əldə etmək üçün Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Məlum olub ki, M.Abbasovanın boşanmaq üçün məhkəməyə müraciət etməsi tərəflər arasında mühabisəyə səbəb olub.

Qeyd edilib ki, M.Abbasova uzun müddətdir yoldaşından ayrılıb və ata evində yaşayır. Aprelin 4-ü S.Abbasov həmin ünvana gələrək M. Abbasovanın üzərinə benzin tökərək yandırıb. 34 yaşlı qadının müxtəlif nahiyələrdən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin kafi olduğu bildirilib.

Hadisəni törədən S. Abbasov istintaqa cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin təyin etdiyi mütəxəssis və psixoloq nənələrinin himayəsində olan uşaqların vəziyyətini qiymətləndirmək üçün ailəyə səfər edib. Məlum olub ki, uşaqların psixoloji durumları normaldır və qohumları ilə birgə analarını xəstəxanada ziyarət ediblər. Onların bildirdiyinə görə, anaları əvvəllər də S.Abbasov tərəfindən zorakılığa məruz qalıb.

Ailə hazırda Komitənin və yerli İcra Hakimiyyətinin nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir, cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır.

Azvision.az

Teqlər: Komitə   Gəncə   Qadın