“Biz özümüzü tibbi maskalarla təmin edəcəyik” - Nazir müavini

  “Biz özümüzü tibbi maskalarla təmin edəcəyik” -    Nazir müavini
  07 Aprel 2020    Oxunub:2486
“Azərbaycana bu günə qədər tibbi maskalar tam idxal olunurdu. “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə idxaldan asılılığımız kəsiləcək və biz özümüzü maskalarla təmin edəcəyik”.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, iki həftə ərzində sahibkar tərəfindən lazımi avadanlıq və xammal alınıb.

“Burada insanların qorunması və gigiyenik qaydaların lazımi vəziyyətdə saxlanılması üçün tibbi
spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur”.

N.Səfərov qeyd edib ki, müəssisənin investisiya xərcləri 3,9 milyon manat təşkil edir. “Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir”.

Qeyd edək ki, ötən gün açılışı olan müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir-müavini   Maska  





Xəbər lenti