“Karantin avtomobillərə yox, insanlara tətbiq olunub” - Ekspert

“Karantin avtomobillərə yox, insanlara tətbiq olunub” -  Ekspert
  04 Aprel 2020    Oxunub:4142
Karantin rejimində iş icazəsi olan və ya fərdi icazə ilə yaşadığı yeri tərk edən şəxsin öz avtomobilindən istifadəsinə hər hansı məhdudiyyət yoxdur. Hətta nəqliyyata ehtiyac olanda fərdi avtomobil daha təhlükəsizdir.
Azvision.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, nə vəsiqə və ya arayışla, nə qeydiyyatla iş icazəsi olanların, nə də fərdi icazə ilə yaşadığı yeri tərk edənlərin öz avtomobillərini qeydiyyata aldırması məcburi deyil.

"İş icazəsi üçün qeydiyyatda avtomobilin qeydiyyatı pəncərəsi olsa da, bu, məcburi deyil. Çünki Nazirlər Kabinetinin və Operativ Qərargahın heç bir qərarında fərdi avtomobillərin hərəkətinə aid xüsusi göstəriş yoxdur. Bu da təbiidir, çünki karantin avtomobillərə yox, insanlara tətbiq olunub.

Ona görə də iş icazəsi olan istənilən şəxs (vəkil, həkim, KİV əməkdaşı, polis işçisi, marketin kassiri və s.) idarə etməyə hüququ olan istənilən avtomobillə hərəkət edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə kameralar vasitəsilə məsuliyyətə cəlb etmə nəzərdə tutulmur. Hər hansı avtomobil dayandırıldıqdan sonra onun sürücüsünün və ya sərnişininin karantin rejimini pozduğu aydın olarsa, yalnız bundan sonra həmin rejimə nəzarət edən polis əməkdaşı İXM-in 211-ci maddəsi üzrə məsuliyyəti sənədləşdirə bilər", - deyə ekspert vurğulayıb.

Azvision.az


Teqlər: Karantin   Avtomobil   Qeydiyyat  





Xəbər lenti