Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub - FOTOLAR (YENİLƏNİB)

  03 Aprel 2020    Oxunub : 6229
 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub - FOTOLAR (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.
Azvision.az xəbər verir ki, dövlət başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.

Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

-Möhtərəm cənab Prezident, biz Sizin Sərəncamınızla Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə - Masazır körpüsü deyilən yerə qədər yolların genişləndirilməsi ilə artıq beşinci aydır ki, məşğuluq. Burada bizim əsas məqsədimiz 20 Yanvar – “Şamaxinka” deyilən tunelin çıxışından başlayaraq mövcud dörd hərəkət zolaqlı avtomobil yolunu genişləndirmək idi. Ondan əlavə, Sizin göstərişinizlə “Xırdalan dairəsi” deyilən hissədə yeni tunelin inşasına başlamışıq. Deməli, mərkəzdən gələn maşınlar yalnız Bakı-Quba-Rusiya Federasiyası istiqamətində hərəkət edəcəklər. Biz 20 Yanvar dairəsindən hərəkətin istiqamətini yol nişanları ilə ayıracağıq. Yəni, Binəqədiyə, Biləcəriyə, ondan əlavə, Masazıra və Sumqayıta gedən avtomobillər sağ hissə ilə iki zolaqda hərəkət edəcəklər. Yolun Xırdalan dairəsi hissəsində yeni tunel və 495 metr uzunluğunda, 7,5 metr enində iki hərəkət zolaqlı yan yolu açmışıq. Yeni tikilən tunelin eni 9 metrdir. Bundan əlavə də bir yenilik etmişik. Deməli, Şamaxıdan, Xocəsəndən və Lökbatandan gələn avtomobillərin birbaşa 20 Yanvar dairəsinə girişini məhdudlaşdırmışıq. Biz bu hissədə işlərin artıq 80 faizini yerinə yetirmişik. May ayının sonuna qədər yəqin ki, tamamlayacağıq.

Möhtərəm cənab Prezident, bu dəmir yolu körpüsü 1960-cı illərdə tikilmişdir, onun dayaqları yeni açılacaq tunelə maneçilik törədirdi. Siz göstəriş vermisiniz, burada 65 metr uzunluğunda, orta dayaqları olmayan yeni bir körpünün inşası nəzərdə tutulub. Biz bu körpünü də tam hazır edəcəyik, dəmir konstruksiyadan ibarət olacaq. Dəmir yolu xəttinin dayandırılması məhdudiyyəti olmayacaq və hazır olan kimi biz o körpünü gətirib quraşdıracağıq. Burada isə əvvəlki ekologiya postu sökülür, yenisi tikilir.

Prezident İlham Əliyev: Bu yol oradan genişləndiriləcək?

Saleh Məmmədov: Bəli, genişləndirəcəyik. Post götürülür və Xırdalandan, Şamaxıdan gələn avtomobillərin mərkəzi yola girməsi üçün burada döngə də yaradacağıq. Həm Rusiya-Quba istiqamətindən, həm Sumqayıtdan, həm də Şamaxıdan və Sulutəpədən gələn avtomobillərin mərkəzi yola çıxışını təmin edəcəyik.

Möhtərəm cənab Prezident, bu isə “Şamaxinka” deyilən ərazidə yeni inşa olunmuş piyada keçididir. Bu piyada keçidi Azərbaycanda ilk dəfə olaraq pilon üsulu ilə, yəni orta dayağı olmadan tikilib, aşırımı burazlar saxlayır.

x x x

Prezident İlham Əliyev dedi:

-Son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilmişdir. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda tıxacdan tərpənmək mümkün deyildi.

Saleh Məmmədov: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək.

Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək.

Saleh Məmmədov: Cənab Prezident, bunlar hamısı Sizin göstərişiniz əsasında həyata keçirilir. Biz də söz veririk ki, bütün bu işləri iki ay müddətinə başa çatdıraq və bununla da insanların Sumqayıt və Rusiya istiqamətində rahat hərəkətini tam tənzimləyək.

Prezident İlham Əliyev: Şamaxı yolunun bu hissəsini də genişləndirirsiniz?

Saleh Məmmədov: Bəli. Buradan gələn maşınların düz keçəndə bir-birinə maneə törətməməsi üçün.

Prezident İlham Əliyev: Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi.

Saleh Məmmədov: Bəli, bu hissə dar idi.

Prezident İlham Əliyev: Hansı tərəfin hesabına genişləndirirsiniz?

Saleh Məmmədov: Sağ tərəfdəki o dairənin hesabına.

x x x

Qeyd edək ki, son dövrlərdə dünyada neftin qiymətinin kəskin sürətdə aşağı düşməsinə və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Sosial sahənin mühüm elementi olan yol infrastrukturunun müasirləşdirilməsi, respublikanın hər yerində yol təsərrüfatının yenidən qurulması bunun əyani göstəricisidir. Son illərdə Bakıda da yolların müasir səviyyədə yenidən qurulması və genişləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyin təmin olunmasına yönəlib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi bu baxımdan çox böyük rol oynayır. Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından bu layihənin olduqca mühüm əhəmiyyəti var. Layihənin icrası ilə nəqliyyat vasitələrinin paytaxta rahat və təhlükəsiz giriş-çıxışı təmin olunacaq.

x x x

Sonra dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında iştirak etdi.

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir.














Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev