Şəxsi avtomobillərlə taksi fəaliyyətinə icazə verilməyəcək

  Şəxsi avtomobillərlə taksi fəaliyyətinə icazə verilməyəcək
  03 Aprel 2020    Oxunub:14313
Aprelin 5-dən etibarən ölkə ərazisində xüsusi karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər: "Bu müddət ərzində yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər. Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər. Qaydalara görə, taksilər də məhdud sayda olacaq. Bir neçə taksinin bir yerə yığışıb gözləməsinə icazə verilməyəcək. Aprelin 5-dən etibarən hardasa dayanıb gözləyən, icazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar".

K.Əliyev marşrut avtobuslarının sürücülərinin icazəsi barədə bildirib ki, həmin məsələni Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi, Sumqayıt, Abşeron və digər ərazilərdə isə həmin sahəyə cavabdeh qurumlar həll edəcək.

Azvision.az


Teqlər: DYP   Taksi  





Xəbər lenti