“Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq” - Əli Əhmədov
Əli Əhmədovun sözlərinə görə, acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib.
"Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb. Amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır. Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir”.
Baş Nazirin müavini qeyd edib ki, indiki həssas anlarda şəxsi məsuliyyət, birlik və həmrəylik anlayışları mahiyyət etibarilə çox sadə düstura malikdir: evdə qal, özünü virusa yoluxdurma, ata-ananı, övladlarını və nəvələrini virusa yoluxdurub təhlükə altına atma.
"Bu sadə, lakin həyati məna daşıyan tələblərə biganəlik göstərilməsi acı nəticələrə gətirən, bağışlanmaz səhv və günah olardı. Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq. Həm özümüzü və yaxınlarımızı, həm də xalqımızı dəhşətli faciələrdən birlikdə qoruyaq. Gəlin qarşıdakı üç həftədə “EVDƏ QAL” şüarını gələcəyimiz naminə həyat tərzimizə çevirək. Buna hər birimizin, bizim sevdiklərimizin və bizi sevənlərin çox, lap çox ehtiyacı var”.
Azvision.az
Teqlər: YAP Əli-Əhmədov