“Həkimlərin maaşı hələlik artımla verilməyib” - TƏBİB-dən açıqlama

  31 Mart 2020    Oxunub : 6360
 “Həkimlərin maaşı hələlik artımla verilməyib” - TƏBİB-dən açıqlama
"Tibbi Əraziləri Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) təcili tibbi yardım həkimlərinin əmək haqlarının artımla verilməməsi barədə sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirib.

TƏBİB-dən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həkimlərin maaşları hələlik artımla verilməyib.
"Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Qərara əsasən, Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. Bu bənd hələ təqdim edilmədiyi üçün heç kim deyə bilməz ki, kiməsə əmək haqqı verilib və ya nəsə ödənilib", - deyə məlumatda qeyd edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Həkim   Maaş