30 tələbə Kiyevdəki Azərbaycan Evinə yerləşdirilib

  30 Mart 2020    Oxunub : 2059
 30 tələbə Kiyevdəki Azərbaycan Evinə yerləşdirilib
COVİD-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun soydaşlarımıza dəstəyi davam edir.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reysini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DIDK), eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına ümumilikdə 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəi təxliyyə və maddi yardımla bağlıdır.

Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış və ərzaqla təmin olunub.

Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.

Qeyd edək ki, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və qaynar xətt yaradılıb.

Bu müddət ərzində operativ və gərgin iş rejimində çalışan qərargaha edilmiş müraciətlər əsasında martın 20-dən etibarən Kiyevdə yataqxanadan çıxarılmış 6 tələbə UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib.

Martın 23-də daha 30-a yaxın tələbə operativ qərargaha müraciət edərək müvəqqəti yaşayış yerinə və maddi yardıma ehtiyacı olduğunu bildirib. Otellərdə boş yerlərin olmaması, müraciət edən soydaşlarımızın sayının çox oması nəzərə alınaraq həmin tələbələrin Qərargahda yerləşdirilməsi məqsədəuyğun sayılıb.

Martın 28-də operativ qərargah karantinə görə Vətənə qayıda bilməyən soydaşlarımıza dəstək aksiyasına başlayaraq vətəndaşlarımızı zəruri ərzaq məhsulları ilə təmin edib.

Bununla yanaşı, qərargahın üzvləri, Kiyevin müxtəlif tələbə yataqxanalarındakı azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Həmin yataqxanalarda Azərbaycan dilində informasiya xarakterli xüsusi elanların asılması təmin edilib. Həmçinin, UABD rəhbərliyinin təşkilatçılığı və SOCAR-ın Ukrayna nümayəndəliyinin dəstəyi ilə 400 ədəd tibbi maska və 400 ədəd əlcək soydaşlarımıza çatdırılıb. Eyni zamanda, diaspor rəhbərliyi tərəfindən də antiseptik məhlullar alınaraq tələbələrə paylanılıb.

Hazırda Ukraynanın bölgələrində də operativ qərargahların yaradılması və Vətənə qayıda bilməyən azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi işi davam etdirilir.

Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, Ukraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 qaynar xətlərinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Diaspor   Komitə