Koronavirusun atmosferə necə təsir etdiyi açıqlandı

  29 Mart 2020    Oxunub : 2085
Koronavirusun atmosferə necə təsir etdiyi açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva koronavirus pandemiyasının atmosfer havasının keyfiyyətinə necə təsir etməsi məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, U.Tağıyeva bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyətinin nəzərəçarpacaq dərəcədə təmizləndiyini deyib.

Onun sözlərinə görə, belə nəticələr digər ölkələrdə də qeydə alınıb: “Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.

Departament direktoru xatırladıb ki, həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edilib: “İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun. Nazirlik bu istiqamətdə fəal təbliğat işləri aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiya buna bariz nümunədir”.

Azvision.az

Teqlər: Virus   Hava