“Elə adam var ki, Fonda bir manat köçürür, ona “Çox sağ ol!” deyirik” - Prezident

  28 Mart 2020    Oxunub : 3412
 “Elə adam var ki, Fonda bir manat köçürür, ona “Çox sağ ol!” deyirik” - Prezident
Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.
Prezident bildirib ki, dövlət bütün işləri görür: "Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev