“AŞPA məruzəçilərinin 5-ci kalonu müdafiə etməsi təşkilata olan etimadı sarsıdır” - Azay Quliyev

  28 Mart 2020    Oxunub : 3988
 “AŞPA məruzəçilərinin 5-ci kalonu müdafiə etməsi təşkilata olan etimadı sarsıdır” - Azay Quliyev
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmiz haqda absurd açıqlaması koronavirus pandemiyasının yayıldığı vaxtda birmənalı qarşılanmadı. Heç bir əsas olmadan bu qədər dünya dövlətləri içində məhz Azərbaycanın hədəfə alınmasına daxildən təpkilər, etirazlar çoxdur.
Milli Məclisin deputatı və ATƏT PA-nın vitse-prezdenti Azay Quliyev məsələ ilə bağlı Azvision.az saytının suallarını cavablandırıb.

- Azay müəllim, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycan haqda tələm-tələsik, heç bir məntiqə sığmayan açıqlaması ilə bağlı dünən mətbuata verdiyiniz açıqlamada AŞPA-nı fürsətçillikdə ittiham etdiniz. Ümumiyyətlə, Siz AŞPA-nın bu bəyanatını necə şərh edərdiniz?

– “Covid 19” pandemiyasının hökm sürdüyü, bütün dünya ölkələrinin kifayət qədər məhdudlaşdırıcı addımlar atdığı və fövqəladə vəziyyət elan etdiyi bir vaxtda bu ölkələr arasından AŞPA-nın yalnız məhz Azərbaycanı seçərək, bu tədbirlərin və məhdudiyyətlərin müxalifətə yönəldiyini iddia etməsi, həqiqətən adamda qəzəb və ikrah hissi doğurur. Buna etinasız yanaşmaq, neytral qalmaq, reaksiya verməmək mümkün deyil. Axı siyasətdən xəbəri olmayan istənilən şəxs də yaxşı bilir ki, Azərbaycan hökumətinin epidemiyanın geniş yayılmasının qarşısını almaq üçün vaxtında gördüyü məhdudlaşdırıcı tədbirlər siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların təhlükəsizliyinin və sağlamlığının təminatı üçündür. Tam əksinə, əgər bu önləyici addımlar vaxtında atılmasaydı hər kəs hakimiyyəti fəaliyyətsizlikdə və laqeydlikdə ittiham edcəkdi, cəmiyyət isə İtaliya, İspaniya və digər Avropa ölkələrinin aqibətini yaşayacaqdı. Ancaq rəzalətə baxın ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri atılan bu addımları təqdir etmək əvəzinə onu müxalifəti boğmaq üçün edildiyini bildirir. Bu yanaşma sözün əsl mənasında AŞPA adına böyük rüsvayçılıqdır. Belə bir isterik bəyanatla çıxış etmək nəinki qeyri-peşəkarlığın göstəricisidir, eyni zamanda üzv ölkələrin birinə qarşı açıq ayrı-seçkilik və diskriminasiyadır. Özünə hörmət edən istənilən beynəlxalq təşkilatda bu cür davranış nəinki qəbul olunmur, hətta bağışlanılmır və bunu edənlərə qarşı təşkilat daxili ciddi tədbirlər görülür. Çünki belə bəyanatı verən şəxslər hər şeydən əvvəl təmsil etdikləri təşkilatın nüfuzunu ləkələyir və ona olan inam və etimadı sarsıdır.

Mən düşünürəm ki, AŞPA rəhbərliyi və səlahiyyətli orqanları qurumun ləkələnmiş imicini və nüfuzunu bərpa etmək üçün həmməruzəçilər Sunna Evarsdottiri, Sör Rocer Geyli və Stefan Şennakı bu vəzifədən uzaqlaşdırmalı və ya onlara könüllü istefa vermələrini tövsiyə etməlidir. Çünki bu cür absurd və qərəzli mövqedə olan siyasətçilərin ölkəmizlə bundan sonrakı əməkdaşlığı ciddi suallar doğurur.

- Azay müəlim, məruzəçilər 5-ci kalonla bağlı da məsələyə toxunublar, bu barədə nə demək istərdiniz?

- Bilirsiniz ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev xalqa sonuncu müraciəti zamanı ölkədəki ictimai siyasi vəziyyətə, iqtidar-müxalifət dialoquna da toxundu, milli maraqlarımızın təminatı və koronavirusla mübarizə sahəsində dövlətin atdığı addımların marginallaşmış qrup və 5-ci kalon nümayəndələri tərəfindən sabotaj edilməsi və görülən tədbirlərin təsirinin azaldılmasına yönəlik cəhdlərin olması haqqında haqlı narahatçılığını ifadə etdi. Görünür, cənab Prezidentin bu sözlərindən narahat olan AŞPA-nın həmməruzəçiləri necə deyərlər, artıq açıq oynamaq qərarına gəliblər. Bəlkə də iqtidarın siyasi partiyalara irəli sürdüyü dialoq təklifi və heç bir hüquqi statusu olmayan margianllaşmış qrupdan başqa bütün siyasi qüvvələrin bu dialoq təşəbbüsünü müsbət qarşılaması və ümummilli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirməsi AŞPA rəsmiləri üçün gözlənilməz olub. Çünki anlaşılan odur ki, Azərbaycanda siyasi anlaşmanın və ictimai barışın güclənməsi, ölkədə ən həssas və çətin məsələlərin dialoq yolu ilə həll olunması bu cür adamların beynəlxalq gündəmdə qalmasına və məruzəçi mandatını daşımasına mane olur. Ona görə də qeyd etdiyimiz bəyanatda Azərbaycanın siyasi palitrasında baş verən müsbət hadisələr və tendensiya haqqında bicə kəlmə də olsun söz deyilmir, əksinə bəyanat marginallaşmış qrupun və dolayısı ilə 5-ci kalonun müdafiəsinə həsr olunub.

Bu da bir daha onu göstərir ki, cənab Prezidentin bəyanatı tam hədəfə dəyib və 5-ci kalonun sahibləri AŞPA-nın məruzəçiləri vasitəsilə onların müdafiəsinə qalxıblar. Ancaq bu bəyanatın müəllifləri və ya bu bəyanatı bölüşənlər bilməlidirlər ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən bu cür şəbəkələri ictimaiyyət yaxşı tanıyır və onlara verilən istənilən dəstəyin heç bir perspektivi yoxdur.

Azvision.az

Teqlər: Azay-Quliyev