Oqtay Şirəliyev kollegiya iclası keçirdi

Oqtay Şirəliyev kollegiya iclası keçirdi
  29 Dekabr 2013    Oxunub:1014
Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, iclasda nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edib. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir.

Şöbə müdiri vurğulayıb ki, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilib və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olub. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunub. İlbəil proqramların icrasına ayrılan vəsait artırılır və 2014-cü ilə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi 10 xəstəliyə qarşı aparılan peyvəndlərə bu ilin dekabr ayından pnevmoniya xəstəliyinə qarşı peyvənd də əlavə olub. G.Poladovun sözlərinə görə, ölkə üzrə peyvənd planı təxminən 95-99% yerinə yetirilib. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Belə ki, 2013-cü ildə məxmərək, difteriya xəstəlikləri qeydə alınmayıb, epidemik parotit 2012-ci illə müqayisədə 40%-dək azalıb, göyöskürək və tetanus xəstəliklərinə isə sporadik hallarda rast gəlinib.

Şöbə müdiri vurğulayıb ki, “Təhsil haqqında” qanuna uyğun olaraq respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, qəbul planına uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunublar. 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-yə çatdırılıb. Bu il 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olub. Bu il ərzində 4-dək həkim və 6 minə yaxın orta tibb işçisi sertifikat alıb.

İclasda 2013-cü ilin yekunlarına qısaca nəzər salan səhiyyə naziri Oqtay Şirəliyev ölkə üçün daha bir uğurlu ilin geridə qaldığını deyib. Bu il ərzində səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışan səhiyyə naziri Oqtay Şirəliyev səhiyyədə qüsursuz və səmərəli fəaliyyətindəki xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanları və Fəxri fərmanlarla təltif olunmuş şəxslərə nişan və diplomları şəxsən təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti