Məhkumlar arasında koronavirus aşkarlanmayıb - RƏSMİ
Həyata keçirilən tədbirlərin icrası nazirliyin rəhbərliyinin gündəlik nəzarətindədir. Bu məqsədlə vəziyyəti mütəmadi öyrənmək üçün nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb.
Monitorinq qrupu penitensiar müəssisələrə baş çəkərək həyata keçirilən profilaktik və təhlükəsizlik tədbirləri, məhkumların saxlanma, tibbi və dərman təminatı ilə maraqlanıb.
Həmçinin ərzaq təminatı və qida şəraiti ilə tanış olunub. Müəyyən edilib ki, məhbusların ərzaq təminatı və gündəlik qida rasionu qanunvericiliklə müəyyən edilmiş normalara uyğun təşkil olunur, bununla bağlı cəza çəkənlər, o cümlədən onların yaxın qohumları tərəfindən şikayətlər daxil olmayıb.
Eyni zamanda məhkumlar və həbs olunmuş şəxslər müəssisələrdə fəaliyyət göstərən, çox çeşidli tələbat malları ilə təmin olunmuş ticarət köşklərinin xidmətindən də istifadə edirlər.
Penitensiar müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davamlı olaraq həyata keçirilir.
Qeyd olunmalıdır ki, şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb.
Azvision.az
Teqlər: Həbsxana